"İkinci ixtisas qrupu üzrə dünən keçirilən imtahanda tarix fənnindən Cümhuriyyət tariximiz, milli azadlıq hərəkatından bir dənə də olsun sual salınmayıbmış. Əvəzində uşaqlardan "Füzuli aeroportunun uzunluğu nə qədərdir" sualı soruşulub". Bunu feysbukda jurnalistlərdən biri yazıb.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə sual ünvanladıq. DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Faktmedia.az-a bildirib ki,
21 may 2023-cü il tarixində II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında abituriyentlərə təqdim olunan bütün sual kitabçalarında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tapşırığa yer verilib (A variantında 69-cu, B variantında 65-ci, C variantında 66-cı, D variantında 76-cı tapşırıq):
"Bundan başqa, mənbə əsasında yazılı cavab tələb edən tapşırıqların (28-30-cu tapşırıqlar) cavablandırılması üçün təqdim edilən tapşırıq mətninin mövzusunu da Azərbaycanda çarizmə qarşı xalq üsyanları, azadlıq mübarizəsi təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən tapşırıqda isə Füzuli hava limanının uzunluğu soruşulmayıb. Bu tapşırıqda yer alan bəndlərin birində 2023-cü ilədək işğaldan azad edilən ərazilərdə istifadəyə verilən (Füzuli və Zəngilan ) və hazırda tikintisi davam edən (Laçın) hava limanları ilə bağlı ümumi məlumatlılıq səviyyəsi yoxlanılıb.
İşğaldan azad edilmiş ərazilərdəki bərpa və quruculuq işləri özündə əks etdirir:
1. Ərazilərdə dayanıqlı icmaların yaradılmasını
2. 2023-cü ilədək 3 hava limanının tikilib istifadəyə verilməsini
3. Həyata keçirilən işlərdə texnoloji yeniliklərin tətbiqini
4. Bərpa olunan enerji mənbələrindən istifadəni
5. Məskunlaşma prosesinə 2026-cı ildən etibarən başlanılmasını
A) 2, 4, 5 B) 2, 3, 5 C) 1, 3, 4
D) 1, 2, 3 E) 1, 4, 5
Doğru cavab: C bəndi
Rəna Həsənova