"Son hadisələr onu göstərir ki, Qarabağda yaşayan etnik ermənilərin bir çox qismi artıq Azərbaycan hökumətinin qoyduğu şərtlərlə razılaşır. Bu müsbət haldır, yəni Ruben Vardanyanın, eləcə də revanşistlərin planı həyata keçməyəcək".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Rüfət Quliyev Ağdam-Xankəndi yolunun açılması ilə bağlı aparılan müzakirə haqqında danışarkən deyib.
Deputat əlavə edib:
Araik bundan əvvəl də bir-iki müsbət təkliflər verib yolun açılması ilə əlaqədar və bunlar onu göstərir ki, heç Ermənistan tərəfindən tanınmayan qondarma bir qurumun rəhbəri kimi deyəsən ağlı başına gəlibdir. Son 5- 10 gündə pozitiv fikirlərlə bölüşür. Bu orada yaşayan və gələcəkdə yaşamaq istəyən ermənilər üçün çox müsbət bir konsepsiyadır, fikirdir. O əslən bizim torpaqdır və təbii ki, biz istəyirik ki, işığı da, qazı da, suyu da olsun.Yəni tam komfort bir şərait olsun və bunun üçün də biz hazırıq. Bu yüz milyonlarla, bəlkə də milyardlarla investisiya tələb edəcək. Bütün bunlara Azərbaycan hazırdır və biz bunu hər zaman bəyan etmişik, təki orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər, silahlarını yerə qoysunlar və bizim prinsiplərlə yaşasınlar. Artıq söz-söhbət, beynəlxalq təşkilatlarda məsələləri qaldırmaq və yaxud da cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi "dəmir yumruq" da yerindədir, istənilən halda o əməliyyat da keçirilə bilər. Bunu biz hələki istəmirik, səbrlə gozləyirik. Hər halda biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz bütün beynəlxalq təşkilatlara göstəririk ki, biz sülh yolu ilə bu problemi sona qədər həll edirik".
Qeyd edək ki, ötən gün Xankəndidə qanunsuz rejimin “rəhbər”i Arayik Harutyunyanın “Təhlükəsizlik Şurası”nın iclasını çağırdığı barədə məlumat yayılıb. Məlumata görə, Harutyunyan “iclas” zamanı Ağdam-Xankəndi yolu ilə ticarətin aparılmasına dair qərar qəbul edildiyini bəyan edib. Qondarma rejimin “rəhbər”i sözügedən məsələni müzakirə obyekti kimi deyil, fakt və reallıq olaraq təqdim edib: “O, sözügedən yol vasitəsilə ticarətin qismən olacağını, həmin yolla tikinti materialları, dizel yanacağı, dərman daşınacağını bildirib. Onun sözlərinə görə, ərzaq məhsulları isə rusiyalı sülhməramlılar vasitəsilə Laçın yolu ilə gətiriləcək. Lakin bu, o demək deyil ki, Laçın yolu tam olaraq işlək olacaq, Qarabağ sakinlərinin hərəkəti məhdudlaşdırılacaq”.
Rəna Həsənova