"İlk öncə onu qeyd edim ki, Ukrayna faktiki NATO-nun üzvüdür, bunu cənab Zelenski də demişdi. Bu qədər silahların verilməsi, bu qədər kömək, təbliğat, Ukraynanın təşviqatı onu göstərir ki, real de-fakto NATO- nun üzvüdür. Təbii ki, de-yure olmaq üçün kifayət qədər şərtlər var və tarixən NATO müharibə aparan ölkəni çox nadir hallarda üzv qəbul edir. Prosedur qaydalar var və ola bilər o qaydalar illərlə keçsin".
Bu fikirləri Faktmedia.az-a deputat Rüfət Quliyev deyib.
Deputat əlavə edib:
"Burada şəffaf formada görünür NATO-nun bir çox üzvləri çalışırlar ki, çox asan prosedurla Ukraynanı NATO-nun üzvü etsinlər. Türkiyə 30 ildən çoxdur ki, can atır Avropa İqtisadi Birliyinə üzv olsun, amma son 8- 9 ildə Türkiyə daha çox öz müstəqil siyasətini həyata keçirir. Mən inanmıram ki, Avropa Birliyi asanlıqla Türkiyəni öz sıralarına qəbul edə bilər. Demək olar ki, 30 ildir bu məsələ masa üzərindədir, amma tam həll olunmur. Burada iqtisadi və siyasi səbəblər var. Təbiidir ki, Avropanın müəyyən qədərTürkiyədən və Türkiyənin artan qüvvəsindən çəkinməsi var,deməzdim bütün Avropa ölkələrinin, amma bir çoxunun. Azərbaycan bütün Avropa ölkələri ilə ikitərəfli iqtisadi münasibətlərini inkişaf etdirir. Bizim Avropa ilə birgə layihələrimiz var, bu enerji srktoruna aid olan layihələrdir. Mən düşünürəm ki, biz yaxın gələcəkdə yox, uzaq gələcəkdə niyə də Avropanın iqtisadi qurumunun üzvü olmayaq? Azərbaycan hər zaman milli maraqlarını bütün maraqlarından üstün tutur. Möhtərəm cənab Prezidentin də siyasətinin əsas xətti budur, milli maraqlar həmişə üstün olmalıdır. Bu gün bizim Avropaya təsiredici alətlərimiz var. Birinci, bütün dünya bizi dəstəkləyir, ikinci, Qoşulmama hərəkatında Azərbaycanın xüsusi yeri var. Biz indi orada sədrlik edirik və aktiv formada siyasətimizi həyata keçiririk. Eyni zamanda, Azərbaycan öz istədiyini artıq Avropada, Avropa ölkələri ilə danışıqlar formasında, beynəlxalq münasibətlər müstəvisində həyata keçirir. Amma, Avropa İttifaqına üzv olmağımız yaxın gələcəyin məqsədi deyil. İstər Avropa ölkələri, istərsə də ayrı- ayrı ölkələrlə kifayət qədər ikitərəfli münasibətlərimiz var və mən düşünürəm ki, bu Azərbaycan üçün də, Avropa və digər ölkələr üçün də maraqlıdır".
Rəna Həsənova