"İndiki mərhələdə Ukraynanın NATO üzvlüyü və ya Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi o qədər də real görünmür. Çünki NATO Nizamnaməsinə görə ərazisində müharibə aparılan, ərazi problemləri olan ölkələrin NATO-ya qəbulu praktiki olaraq mümkün deyil. Ukraynaya ən yaxşı halda İsrail modelində təhlükəsizlik zəmanəti verilə bilər. ABŞ Prezidenti bununla bağlı artıq rəsmi açıqlama verib. Eyni qaydada digər NATO dövlətləri də ortaq qərarla çıxış edə bilərlər. İsrail modelində təhlükəsizlik zəmanəti Ukraynaya daha geniş həcmdə hərbi və maliyyə yardımı paketlərinin təqdim edilməsini, eləcə də hərbi sənaye məhsullarının birgə istehsalının mümkünlüyünü nəzərdə tutur. Yəni başqa szölə desək indiki mərhələdə söhbət Ukraynanın NATO üzvlüyündən deyil, NATO dövlətləri tərəfindən hər baxımdan daha çox dəstəklənməsindən gedir. Türkiyənin AB üzvlüyünə gəldikdə isə, məlumdur ki, bu məsələ hər zaman Avropada ən problemli mövzulardan biri olub. Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi 31 iyul 1959-cu ildə Avropa İqtisadi Birliyinə göndərdiyi rəsmi əməkdaşlıq müraciəti ilə başlayıb. Daha sonra bu məsələ 12 sentyabr 1963-cü ildə Ankarada müvəqqəti əməkdaşlıq müqaviləsinin imzalanması, Türkiyənin 1 yanvar 1996-cı ildə Gömrük İttifaqına qoşulması və 11 dekabr 1999-cu ildə Helsinki Zirvəsində namizədliyinin rəsmi olaraq təsdiqlənməsi ilə davam etdi. Keçən müddət ərzində Avropa Birliyi və Türkiyə arasında dəfələrlə üzvlüklə bağlı müzakirələr həyata keçirilib. Lakin bü müzakirələr son mərhələdə ayr-ayrı Avropa Birliyi dövlətlərinin bəhanələri sayəsində nəticəsiz qalıb və tamamilə dondurulub. Bu gün Türkiyə Türkiyə rəsmi namizəd olduqdan sonra Avropa İttifaqı tərəfindən ən çox gecikdirilən ölkədir".
Bu fikirləri Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib.
Politoloq əlavə edib:
"İndi isə İsveçin NATO-ya üzvlüyü üçün Türkiyənin razılığının vacibliyi və cənab Ərdoğanın da Türkiyənin Avropa Birliyinə yolunun açılması şərtini irəli sürməsi bu müzakirələrin yenidən başlanmasına şərait yaradıb. Şübhəsiz ki, Türkiyənin Avropa Birliyinə üzv olması bölgədə olan əsas güc olaraq, böyük bir iqtisadiyyata və NATO-nun ikinci ən böyük hərbi gücünə sahib olan ölkə olaraq Türkiyənin imkanlarını daha da artıracaq. Eyni zamanda belə bir gücün AB-də olması da İttifaqın daha geniş arealda geostrateji oyunçu mövqeyini gücləndirəcək.
Türkiyənin Avropa İttifaqı üzvü olması təbii olaraq onun iqtisadi gücünün artmasına, üzv ölkələrlə qarşılıqlı ticarət imkanlarının genişlənməsinə, vergi və kömrük xərclərinin azalmasına imkan verəcək. Bu Türkiyə üçün yeni bazarlara birbaşa çıxış imknları deməkdir və Türkiyə iqtisadiyyatı üçün böyük qapılar açacaq. İttifaqa üzvlük siyasi mənada da Türkiyəyə böyük dividentlər gətirəcək. Əgər üzvlükü reallaşarsa Avropa İttifaqında Fransa və Almaniyanın hegemonluğuna da son qoyulacaq. Çünki 86 milyon nəfərlik Türkiyə say etibarilə Aİ Parlamentində də böyük imkanlar əldə edəcək".
Politoloq hesab edir ki, bundan həm də Azərbaycan qazanacaq:
"Birincisi siyasi mənada. Belə ki, Türkiyənin Avropa İttifaqına üzlüyündən sonra bu qurumda Azərbaycan əleyhinə Qətnamə və qərarların qəbulunun qarşısı alınacaq və o cümlədən də iqtisadi mənada. Azərbaycan və Türkiyə arasında bağlanmış müqavilələr bizə Türkiyə vasitəsilə daha faydalı şrtlərlə Avropa bazarlarına çıxmaq imkanı verəcək. Dünən Ağ Evin Milli Təhlükəsizlik Şurası rəsmisinin verdiyi açıqlamadan məlum olur ki, ABŞ Türkiyənin Aİ-yə üzvlüyünü tam olaraq dəstəkləyir. Eyni bəyanatla NATO-nun baş katibi Yens Stoltenberq də çıxış edib. Amma məsələ orasındadır ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü nə ABŞ-dan, nə də NATO baş katibindən asılı məsələ deyil. Türkiyənin qəbulu üçün Aİ üzvlərinin hamısının yekdil qərar qəbul etməsi lazımdır. Bu isə indiki mərhələdə elə də inandırıcı görünmür. Biz indiyə qədər oxşar bəyanatların şahidi olmuşuq. Xüsusilə Yunanıstanın NATO-ya üzvlüyü məsələsində. O zaman da Türkiyəyə Yunanıstanın qəbuluna razılıq verməsi xahiş olunurdu və deyilirdi ki, bu qərar Türkiyənin Avropa İttifaqına üzvlüyünün sürətlənməsinə imkan verəcək. Amma son nəticədə tərəflər verdiyi vədlərə sadiq qalmadılar".
Rəna Həsənova