Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının müzakirəsinin getdiyi bir vaxtda Ermənistan rəhbərlərindən separatçı fikirlər ortaya atılır. Elə yaxın günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan belə bir açıqlama verib: "Azərbaycan "Artsax"da hərbi əməliyyata hazırlaşır. Bununla bağlı Azərbaycan dövlət televiziyasında “Qisas -3” adlı süjet verilib. Belə görünür ki, Azərbaycan Dağlıq Qarabağda etnik təmizləməyə hazırlaşır. Amma onlar bunu edə bilməyəcək, Ermənistan Respublikası buna imkan verməyəcək. Azərbaycan artıq prosesə başlayıb, bunun qarşısını ancaq hərbi yolla almaq olar".
Simonyanın fikirlərini Faktmedia.az-a şərh edən politoloq Fikrət Sadiqov deyib ki, əgər Alen Simonyan başa düşür və qorxursa ki, birdən toqquşmalar baş verəcək və Azərbaycan öz maraqları çərçivəsində hər hansı bir addım atacaq, onda bir sıra problemləri, maneələri aradan götürsünlər:
"Söhbət Qarabağda yaşayan etnik ermənilər, digər tərəfdən Zəngəzur dəhlizi ilə bağlı yaranan problemlərdən gedir. Onlar indiyə qədər Zəngəzur dəhlizinin açılmasın və Qarabağda yaşayan ermənilərin bizimlə normal bir münasibət qurması ilə bağlı məsələlərdə hansısa bir problem yaradırlar ki, guya bu beynəlxalq bir format olmalıdır, beynəlxalq təşkilatlar çərçivəsində danışıqlar getməlidir. Bu gülünc və absurd bir yanaşmadır. Əlbəttə, ermənilər tərəfindən bu maneələr törədilsə, biz heç vaxt öz ənti-terror əməliyyatlarımızdan üz döndərməyəcəyik və həmişə demişik ki, ərazi bütövlüyümüz çərçivəsində biz öz maraqlarımızı müdafiə etməyə hazırıq və qadirik. Bunu onlar başa düşməlidir və özlərinə nəticə çıxarmalıdırlar. Əgər belə bir şərait yaransa, əlbəttə biz öz maraqlarımızı müdafiə etməyə həmişə hazır olacağıq".
Rəna Həsənova