"İranın nə siyasi, nə iqtisadi, nə hərbi imkanları savaş üçün yetərli deyil. Əvvəla, sanksiyalar məngənəsində boğulan İslam Respublikası müharibə edərək genişmiqyaslı savaşa yol aça bilməz".
Bunu Faktmedia.az-a politoloq Züriyyə Qarayeva İran Azərbaycana hərbi yolla güc göstərmək niyyətinə düşə bilərmi sualına münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, hazırda yaşanan sosial partlayış Tehranı daha çox daxili problemlərə fokuslandırdığı üçün molla rejimi daha çox ayaqda qalmağa hesablanmış siyasət yürütməyə çalışır:
"Digər tərəfdən, İran müasir hərbi texnikalara sahib deyil. Elektronik, kiber hücum taktikaları ilə zəngin hibrid müharibələrə İrandakı köhnə sistem uyğunlaşa bilməz. İranın hərbi qoşunları əsasən Milli Ordu və İnqilab Keşikçiləri Korpusu arasında bölünüb. Məhəmməd Rza Pəhləvinin hakimiyyəti zamanından qalan tanklar müasir silah-sursatla ayaqlaşa bilməz. 44 günlük müharibədə Azərbaycan yalnız Ermənistana deyil, onun gücünü həfifə alan bir çox ölkələrə dərs vermiş oldu. Bu dərsdən sonra düşünmürəm ki, cənub qonşusu müharibə barədə xəyallara düşə bilsin. Digər tərəfdən, bölgədə Türkiyə amilini də nəzərə alsaq, bu ehtimalın keçərsiz olduğunu anlaya bilərik".
Havar Şəfiyeva