"Sözsüz ki, hər bir Azərbaycan vətəndaşı üçün sosial dəstəyin artırılması, daha çox pensiyanın verilməsi, daha çox əmək haqqı fondunun olması müsbət haldır və burada heç bir şübhə yeri yoxdur. Amma, təəssüf ki, bir çox hallarda həm ekspert cəmiyyətində, həm də parlamentdə düşünülmüş peşəkar yanaşma əvəzinə hansısa populist çıxışlar edilir, qeyri- peşəkar yanaşmalar sərgilənir. Mən təəssüflə qeyd etmək istəyirəm ki, bəzi deputatlarımız zənnimcə müvafiq peşəkar hazırlıqlara malik olmadıqları üçün, real iqtisadiyyatda baş verən aktual çağırışlardan məlumatlı olmadıqları üçün populist fikirlər irəli sürür və bu fikirlərlə seçicilər arasında rəğbət qazanmaq, özləri barədə ictimaiyyətdə müsbət imic formalaşdırmağa çalışırlar".
Bu fikirləri Faktmedia.az-a iqtisadçı Elşad Məmmədov deputat Tahir Kərimlinin pensiya yaşının azadılması ilə bağlı Milli Məclisdə səsləndirdiyi fikirlərə münasibət bildirən zaman deyib.
İqtisadçıya görə, hamıya yaxşı olar ki, pensiyalar artsın, pensiya müddəti çox olsun və sosial ödənişlər genişləndirilsin:
"Belə olan halda mən də sual edirəm həmin o parlamentdə oturan deputatlar dövlətin iqtisadi resurslarının dayanıqlı şəkildə artırılması üçün nələr edib? Cünki, son nəticədə həm pensiya təminatı, həm də əhalinin digər sosial baxımdan həssas kateqoriyalarına daha çox ödənişlərin edilməsi bütövlükdə dövlətin imkanlarına və dövlətin imkanlarının mənbələrinə arxalanmalıdır. Bu gün Azərbaycanda kifayət qədər geniş iqrisadi imkanlar var. Ölkəmizə lazım olan iri iqtisadi layihələri biz reallaşdıra bilirik. Amma, mənə elə gəlir ki, parlamentimiz elə bir iqtisadi sistemin formalaşdırılması üzərində öz işini fokuslaşdırmalıdır ki, ölkəyə dayanıqlı qeyri- neft, qeyri- xammal sektoruyla bağlı iqtisadi bir sistem tətbiq edə bilək. Ölkədə elə bir iqtisadi sistem olmalıdır ki, iqtisadiyyatımız şaxələndirilsin. Əgər büdcə daxilolmaları bir sahədən asılıdırsa, istər- istəməz dayanıqlıqla bağlı problemlər ola bilər. Ona görə də sosial təminatı genişləndirmək istəyiriksə, ilk növbədə iqtisadi imkanlarımızı artırmalıyıq. Ölkə iqtisadiyyatına sərmayələr çoxalmalıdır, yeni iş yerləri açılmalıdır. Ölkədə iqtisadi fəallıq stimullaşdırılmalı, qeyri-neft, qeyri- xammal sektoru inkişaf etdirilməlidir. Düşünürəm ki, deputatlar ilk növbədə bu barədə fikirləşməli, müvafiq qanunvericilik bazası yaratmalıdır. Ən rahat yolu seçməklə " ödənişlər artsın, pensiyalar artsın" deməklə, belə populist yanaşmalarla iqtisadiyyatı idarə etmək olmur, sosial siyasət həyata keçirilmir. İqtisadi inkişaf dayanıqlı şəkildə artan xətt üzrə getməlidir. Onda sözsüz ki, həm pensiya təminatı, həm də daha geniş anlamda sosial müdafiə sistemi daha da çox inkişaf edəcək".
Rəna Həsənova