"Qanunvericilikdə pensiya kapitalı üçün 12 il nəzərdə tutulub və 12 il də 12 ay olduğu üçün, pensiya kapitalı 144-ə bölünərək vətəndaşa verilir. Orta ömür olaraq 65 yaşda insan pensiyaya çıxır və 75-77 yaşa qədər yığılmış pensiya kapitalını alır".
Bunu Faktmedia.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı əlavə edib:
"Pensiya kapitalı ümumillikdə verəndə müəyyən problemlər yaradır. Təbii ki, ölən insanın pensiyasının onun yaxın adamlara verilməsini dəstəkləyirəm. Davamlı olaraq 80 və 80-dən çox yaşı olan adamların da pensiya almaq hüquqları var. Və onların da pensiya alması pensiya fondları hesabına həyata keçir. Bütün insanlar üçün yığılmış vəsait tamlıqla verilərsə, bu zaman digər insanlar üçün problem yaşana bilər. Amma adam dünyasını dəyişəndən sonra yığılmış kapitalın doğmalarına verilməməsinin də tərəfdarı deyiləm. Bunu üçün düşünülmüş bir mexanizm həyata keçrilməlidir".
Hüquqşünas Əkrəm Həsənov bildirib ki, yığılan pensiya kapitalı həmin şəxsin ya həyat yoldaşına, ya da himayəsində olan birinə verilməlidir:
"Əgər hər hansı bir şəxs pensiya kapitalını almadan dünyasını dəyişibsə, həmin vətəndaşın hesabına yığılan kapital ya onun həyat yoldaşına, ya da şəxsin himayəsində olan birinə verilməlidir. Yəni yoldaşı əgər pensiya almırsa, şəxsin ilk növbədə həyat yoldaşına, ikinci növbədə isə vəfat etmiş şəxsin himayəsində 18 yaşını tamam etməmiş övladı varsa, onlar arasında bölünür. Bundan başqa hallarda təəssüflər olsun ki, pul batır, o pulu heçbir şəkildə almaq mümkün olmur”.
Havar Şəfiyeva