"DSMF-də bütün sistem elektronlaşdırılıb, hətta pensiyaçılara xidmət göstərmək üçün Asan xidmətin kiçik bir modeli olan DOST - Dayanıqlı Operativ Sosial Təminat qurumu da yaradılıb ki, onların sorğularına ciddi və operativ cavab verilsin. Burada təkçə pensiya alan şəxslər deyil, həm də pensiya alacaq şəxslər də öz gələcək pensiyaları haqqında məlumat əldə edə bilər".
Bunu Faktmedia.az-a iqtisadçı Xalid Kərimli pensiyaçılara ödəniləcək məbləğin düzgün hesablanmamasına münasibət bildirən zaman deyib.
"Sosial tətbiqi də var bu qurumun. Operativ surətdə insanlar buradan pensiyalarına hesablanan məbləğləri, pensiya yaşına çatdıqda ala biləcəkləri pensiyanın məbləği haqqında məlumatlarını ala bilər, illik pensiya kapitalını müşahidə edə bilər. Pensiya hesablanmasında baş verən xətalara gəldikdə isə, ola bilər ki, hesabatı təqdim edən şirkətlər, idarələr məlumatları yalnış təqdim edir. Məlumatlar doğru verilməlidir ki, elektron sistem də doğru emal edə bilsin. Bu məsələdə məsuliyyəti təkcə nazirliyin boynuna atmayaq. Bu prossesdə iştirak edən, pensiya kapitalını hesablayıb elektron sistemə təhvil və tətbiq edən onminlərlə subyektlər var. Bu məsələ də onların da üzərinə böyük məsuliyyət düşür", - deyə iqtisadçı bildirib.
Qeyd edək ki, iqtisadiyyat üzrə arajdırmaçı jurnalist Allahverdi Aydın sosial hesabında bunları yazıb:
"Azərbaycanda əmək pensiyaları düzgün hesablanmır… Əgər düzgün hesablansa vətəndaşlar indi aldıqlarından 2 dəfə çox pensiya almalıdırlar.
“Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsində yaşa görə əmək pensiyasının məbləğinin necə hesablandığı açıq şəkildə göstərilir (link rəydə).
Pensiya kapitalını gözlənilən pensiya ödənişi müddətinə bölüb pensiya məbləğini təyin edirlər.
Gözlənilən pensiya ödənişi müddəti orta ömür müddəti uzunluğu ilə pensiya yaşı arasındakı fərqdir.
Amma, hökümət 17 ildir gözlənilən pensiya ödənişi müddətinin 144 ay (12 il) olduğunu deyir və pensiya kapitalını da 144-ə bölür. Məsələn, 50 000 min pensiya kapitalı olan şəxs pensiyaya çıxanda ona 347 manat (50 000/144) pensiya təyin olunur.
Lakin, toplama-çıxama əməlini bilən hər kəs çox asanlıqla hesablayıb tapa bilər ki, Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti 144 ola bilməz.
Məsələn, 1959-ci ildə anadan olan vətəndaşın 2023-cü ildə 64 yaşı (orta pensiya yaşı) tamam olur və pensiyaya çıxır.
Dövlət Statistika Komitəsinin məlumatına görə 1959-ci ildə anadan olan vətəndaşın gözlənilən ömür müddəti uzunluğu 70,9 ilə bərabərdir. Bu da o deməkdir ki, həmin şəxsin gözlənilən pensiya ödənişi müddəti 144 ay yox, 83 aya (70,9-64=6,9 il) bərabər olur.
“Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə də pensiya kapitalını 144-ə deyil, 83-ə bölmək lazımdır. Belə olarsa 50 000 pensiya kapitalı olan şəxs pensiyaya çıxanda ona 347 manat yox, 602 manat (50 000/83) pensiya təyin olunmalıdır.
P.S. Pensiyaları yarı-yarıya azaldılan minlərlə vətəndaş var. Kütləvi şəkildə məhkəmələrə müraciət edərək pensiyalarının bugünə kimi verilməyən hissəsini geri ala bilərlər..."
Rəna Həsənova