"Azərbaycan Ermənistan nümayəndələrinin görüşü ərəfəsində Ermənistan tərəfindən təxribat törədilməsi artıq bir ənənə halını alıb. Mayın 29 da Moskva şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsinin müddəaları dəqiqləşdirilməli idi".
Bunu Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat əlavə edib:
"Ancaq bununla belə Ermənistanın Basarkeçər rayonunun Zod kəndindən Azərbaycan ərazisi atəşə tutulub, 1 nəfər yaralanıb və verilən məlumata görə sərhəd xəttində lokal xarakterli döyüşlər gedir. Ermənistanın hələ də Azərbaycana qarşı iddialarından əl çəkməməsi,sülh müqaviləsini imzalamağı uzatması, gərginlik yaratması özünün hakimiyyət müddətini uzatmağa çalışmaq istəyi ilə bağlıdır. Bu yolverilməzdir. Azərbaycan Ermənistana dostluq, normal qonşuluq münasibətləri təklif edir. Ermənistan tərəfdən isə, siyasi, hərbi təxribatlar dayanmır. Əgər Ermənistan hesab edirsə ki, bununla Azərbaycana təzyiq göstərəcək, Azərbaycanı öz suveren hüquqlarını müdafiə etməsindən imtina etməyə məcbur edəcək, yanılır. Azərbaycan özünün milli maraqlarını, ərazi bütövlüyünü, suveren hüquqlarını qorumaq gücündədir və Ermənistan Azərbaycan tərəfindən bunu həmişə hiss edəcək".
Qeyd edək ki, Mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutublar. Nəticədə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu yaralanıb, daha bir hərbi qulluqçumuz şıhid olub.