"Gözün orta təbəqəsi 3 hissədən ibarətdir və göz almasının jelatinə bənzər maddəsini əhatə edir. Vaxtında olunmayan müalicələr zamanı xəstəlik qismən ya da tam görmə itməsinə gəlib çıxa bilər. Gözün orta təbəqəsi “uvea”adlanır. Uveanın iltihablaşmasına "uveit" deyilir. Uveit, qüzehli qişa, xüsusi damarlı qişa və kiprikli cisimdən ibarət olan uveanın bütün təbəqələrinə və ya sadəcə birinə təsir edə bilər".
Bu fikirləri Faktmedia.az-a Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin həkim-oftolmoloqu Elxan Hüseynov gözün orta təbəqəsi olan uveanın iltihabı "uveit” haqqında məlumat verən zaman deyib.
Həkim bildirib ki, uveit gözün ön hissəsində meydana gəldikdə şiddətli dövrlərdə gözdə qızartı, bulanıq görmə, göz ətrafında ağrı, işığa həssaslıq və göz onündə uçan milçəklər kimi əlamətlər verir:
"Uveit gözün arxa hissəsində olarsa, əlamətlər əsasən bulanıq görmə şəklindədir. Uveit görmə mərkəzini əhatə edərsə, toxumaların zədələnməsi səbəbindən ani görmə itkisi və daimi görmə itkisi meydana gəlir. Uveit xəstələrinin 30-40%-də xəstəliyin səbəbi dəqiq müəyyən edilə bilməz. Uveit, viruslar, göbələklər və parazitlər kimi faktorlardan yarana bilər və ya bədəndə olan hər hansı xəstəliyin fəsadı olaraq da ortaya çıxa bilər. Buna görə xəstəlikləri müxtəlif analizlərlə araşdırmaq lazımdır. Uveit son dərəcə mürəkkəb bir xəstəlikdir və hər bir xəstədə fərqli bir şəkildə inkişaf edir”.
Həkim Xəstəliyin müalicəsində yaxşı nəticə almaq üçün ilk növbədə erkən diaqnoz, müntəzəm təqib və uyğun xəstə-həkim əlaqəsini yaratmaq olduğunun vacibliyini vurğulayıb:
"Bu şərtlər zamanında yerinə yetirildikdə, zərər çəkmiş göz çox hallarda xilas ola bilər. Həmçinin müalicə başa çatdıqdan sonra xəstə ən azı üç aydan bir həkim müayinəsindən keçməlidir. Çünki uveit xəstəliyi səssizcə təkrarlana bilər. Uveit kimi ciddi bir xəstəlikdən əziyyət çəkən pasiyentlər bilməlidirlər ki, müalicə gecikərsə, xəstəlik irəliləyər, katarakta və gözdaxili təzyiqinin artması və iltihab ilə əlaqəli bəbəyin deformasiyası kimi davamlı yan təsirlərə səbəb ola bilər. Ona görə qeyd etdiyim əlamətlər başlayanda ilk olaraq təcrübəli bir oftalmoloqa müraciət edin. Əks halda gecikmiş müayinə daimi görmə itkisinə səbəb ola bilər".
Esmira Hidayətova, Mingəçevir