"Son zamanlarda digər ölkələrdə olduğu kimi bizim vətəndaşlarımız da, hakerlər tərəfindən iş təklifləri yaxud müxtəlif şirinikləşdirici vədlərlə kiberdələduzluğa məruz qalırlar. Bu hallar, insanları maddi maneələrə məruz qoyur və həm də işverənlərin təhlükəsizliyini təhdid edir. İş təklifləri ilə insanları aldatma, hakerlərin əsas strategiyasıdır".
Bunu Faktmedia.az-a kibertəhlükəsizlik mütəxəssisi Elgün Abdullayev deyib.
"Həmin şəxslər, işçi axtaran şirkət nümayəndələrinin "Linkedin", "Monster" və ya digər iş axtarış saytlarında yerləşdirilmiş profil məlumatlarından istifadə edərək, həmin əməkdaşların adlarından vətəndaşlara yüksək məbləğli iş təklifləri göndərirlər.
Vətəndaşların bu dələduzluğa məruz qalmasının səbəbkarı isə bəzən bilavasitə özləri olur. Buna səbəb isə hakerlərin həmin vətəndaşların ad, soyad, telefon nömrəsi kimi məlumatlarını əldə etməsidir. Hakerlər vətəndaşların məlumatlarını ya əvvəllər istifadə etdiyi təhlükəsiz olmayan saytlardan ya da şirnikləşdirici reklamlardan əldə edirlər", - deyə əlavə edib.
E. Abdullayev bildirib ki, bu şirnikləşdirici reklamlara misal tez-tez qarşılaşdığımız "Təsadüfi" supermarket hədiyyə paylayır, sən də qazan" adı ilə açılan qeyri-rəsmi saytları göstərmək olar:
"Bu kimi saytlar hakerlər tərəfindən vətəndaşların məlumatlarını toplamaq məqsədli hazırlanır və mərhələlər arasında keçid etmək üçün sizə onların reklamını 10 nəfərə göndərmək yaxud paylaşmaq kimi öhdəlik qoyur. Vətəndaşlar da bu reklamları bir-birilərinə göndərdikdə bu sayt artıq yüz minlərlə qurbanın birləşdiyi nöqtə olur.
Hətta, bəzi reklamlarda mərhələdə keçid etmək üçün sizə verilən proqramı yükləmək öhdəliyi də qoyulur. Bu kimi saytlarda isə adətən olduqca təhlükəli zərərli proqram yerləşdirilir, hansı ki, bu proqram sizin cihazınızda istəlinən özəlliyi işlədə bilmə funksionallığına sahib olur. Beləcə cihazınızdakı şəxsi fayllar və məlumatlar da oğurlanmış olur".
//Havar Şəfiyeva