Fitnes üzrə məşqçi Nərmin Hüseynova xanımlar üçün vacib bəzi tövsiyələrdən məlumat verir.
Faktmedia.az məşqçinin yazısını təqdim edir:
Bu gün intetnet dövrüdür və axtadığımız bütün məlumatları internet vasitəsilə tapa bilirik. Təəssüf ki, bu məlumatların içində doğrulardan çox yalnış məlumatlar var. Birinci səbəb - belə yalnış məlumatlardan istifadə edib, məşqçisiz məşqə başlamaqdır. Hər kəsin orqanizmi fərqli olduğu üçün hər kəsə eyni məşq və qidalanma proqramı effektiv ola bilməz. Ən yaxşı halda belə başlamalar nəticəsizlik və həvəsdən düşmə ilə, ən pis halda isə müxtəlif travmalarla sonlana bilər. Bunun üçün məşqçi ilə məşq etmək həm fiziki, həm mənəvi həm də sağlamlıq cəhətdən çox vacibdir.
Digər bir səbəb - nəticəni tez eldə etməyə çalışmaq. Sürətli çəki atmaq üçün tez-tez reklam edilən pəhrizlər, tərlədicilər, kremlər, çaylar və s. - bunların tamamilə əleyhinəyəm. Tək mən yox, insanların sağlamlığının qayğısına qalan hər bir insan mənimlə həmrəy olar. Çəki sürətlə yığıla bilmədiyi kimi, sürətlə atıla da bilməz. 1 kq piy kütləsini əritmək üçün 7700 kkal yandırmaq lazımdır. Məlum məsələdir ki, günə 1 kq, həftəyə 7 kq piy kütləsi yandırmaq mümkün deyil. Orqanizm düzgün kalori defisitində ilk növbədə artıq su və qlikogendən azad olur, bu mərhələdə çəki sürətlə düşməyə başlayır. Daha sonra isə piylər parçalanmağa başlayır və mərhələdə çəki çox ləng düşür. Məhz bu mərhələdə həvəsdən düşür, özlərinə kəskin pəhrizlərlə aclıq yaşadır və bu aclığa davam edə bilməyərək başladıqları işi dayandırırlar. Yalnız düzgün kalori defisitilə tərtib edilmiş qidalanma rasionu və səbrli olmaq uğurlu nəticəyə gətirib çıxaracaq.
Hər bir orqanizm fərqlidir. Bu fərqi ilk məşqdə məşqçi aşkar etməli və müştərinin probleminin həllinə bu tərəfdən başlamalıdır. Orqanizmdə bəzi vitamin və mineral çatışmazlıqları, hemoqlobin azlığı, hormonaı pozğunluqlar da nəticə əldə etməyə mane olur. Bəzən onlarda bu halların olduğunu xanımlar özləri də bilmir. Nəticə əldə etmədiklərini görüb həvəsdən düşürlər. Düzgün qida rejiminə əməl etsələr belə, müntəzəm və düzgün məşq etsələr belə hormonal fonda olan problemlər aradan qaldırılmasa nəticə olmaz. Xəstəyə müalicə yazmadan əvvəl həkim anamnez toplayır, analizləri təhlil edir. Məşqçi də müştəri ilə bu cür sorğu keçirməli, artıq çəkinin yaranma səbəbini bilməli, sadaladığım problemlər varsa onları aşkar edib, onların müalicəsini məsləhət görməlidir.
Nəticəyə mane olan səbəblərdən biri də qeyri-düzgün yuxu rejimidir. Yuxu rejimi düzgün olmadıqda enerji zeifliyi, hormonal fonun pozulması, bədəndə ödemlərin yaranması və piylərin qeyri-düzgün mənimsənilməsinə səbəb olur. Bütün bunlar isə maddələr mübadiləsini zəiflədir, iştahı artırır və çəkinin düşməsinə mane olur. Qadınlar üçün saat 23:00 də yatmaq gözəllik hormonu olan melotoninin ifrazını artırır. Melotonin gece saat 23:00-01:00 arası ifraz olunur, bu hormon güclü lipolitik və bərpaedici effekte malikdir. Belə hormonlardan biri də somatotropin hormonudur. Bu saatlarda xanımlarımız oyaq qalırsa özlərini belə vacib hormonlardan məhrum edirlər. Bu saatlarda xanımlar yatmırsa orqanizm bunu stress kimi qəbul edir və stress hormonu olan kartizol ifraz olunur. Kartizol hormonunun ifrazı nəticəsində qarın və bel hissədə piy kütləsi toplanmağa başlayır. Bunun üçün də mütləq yuxu rejimi də düzəlməlidir. Sağlam yuxu 6-8 saat hesab edilir.
Nəticə əldə etməyə mane olan səbəblərdən biri də düzgün olmayan qida rasionudur. Bəzən xanımlar idmanla məşğul olsalar da, qida rejimini önəmsəmirlər. Yalnız idmanın yetərli olduğunu düşünürlər. Bu isə tamamilə yalnışdır. Bunun üçün arıqlama prosesinin mahiyyətini bilmək vacibdir. Piy kütləsini yandırmaq üçün iki prosesin ikisi də olmalıdır - kalori defisiti və kalori sərfiyyatı. Kalori defisiti qidalanma ilə, kalori sərfiyyatı isə idmanla təmin edilir. Qəbul etdiyimiz kalori sərf etdiyimiz kaloridən 300-400 kkal az olarsa, bədəndə piy kütləsi parçalanmağa başlayır. Monoton pəhrizlər, aclıqlar, detokslar və s. - heç biri sağlam qidalanmanın verdiyi nəticəni vermir. Sağlam qidalanma yağ, zulal və karbohidratların düzgün miqdarda və düzgün vaxtda qəbul edilməsidir. Qidalanma nə qədər müxtəlif, rəngarəng və dadlı olarsa, xanımlarımız prosesin özündən də, əldə etdikləri nəticədən də zövq alacaqlar. Nəticə əldə etməyə mane olan səbəblər çoxdur, lakin ən vacib məsələ məşqlərə başlayarkən düzgün məşqçi seçimidir — Sizi narahat edən məsələlərə ətraflı və dolgun cavab verə bilən və sizə inam bağışlayan bir məşqçi. Cunki yalnız düzgün seçim uğurlu nəticənin zəmanətidir".
Havar Şəfiyeva