"Arıqlama çayı adı ilə satışda bir çox fərqli məhsullar mövcuddur və arıqlamaq istəyənlərə təklif olunur. Arıqlama çaylarının həzmi stimullaşdırdığı, maddələr mübadiləsini sürətləndirdiyi və orqanizmi təmizlədiyi deyilir. Amma mən qəti şəkildə bu çayların əleyhinəyəm".
Bunu Faktmedia.az-a dietoloq Ceyhunə Yusifova deyib.
Dietoloq bildirib ki, insan yalnız düzgün sağlam qidalanma etməklə və fiziki aktivliyi artırmaqla sağlam şəkildə arıqlaya bilər:
"Sözsüz ki, bu kimi çaylar dərmanlar yalnız sağlamlığımıza zərər verə bilər. Arıqlama çayları ümumiyyətlə iştahı azaldanlar, maddələr mübadiləsini gücləndirənlər kimi qruplara ayrılır. Və bu çaylarının arıqladıcı təsirə malik olduğuna dair sübutlar çox azdır. Bu məhsulların satıldığı saytlarla bağlı bəzi kiçik miqyaslı araşdırma nəticələrindən başqa, heç bir elmi məlumatımız yoxdur.
Ancaq təəssüf ki,arıqladıcı təsiri olduğunu düşünülərək xanımlarımız ifrat dərəcədə, həddindən artıq dərəcədə bu çayları qəbul edirlər. Və bu da öz növbəsində çox ciddi fəsadlar yarada bilir
Bəzi "arıqladıcı" çayların tərkibində təbii işlətmə vasitəsi olan senna var. Senna tərkibli çaylar ürəkbulanma, ishal, qəbizliyin artması, asılılıq, yoğun bağırsağın incəlməsi və ürək xəstələri üçün xüsusilə təhlükəli ola bilən kalium səviyyəsinin azalmasına gətirib çıxarır.
Bir çox" arıqladıcı" çaylar isə sidikqovucu təsirə malikdir. Diuretiklər susuzlaşdırma, elektrolit itkisi, əzələ krampları və ishala səbəb ola bilər.
Bundan əlavə, arıqlama çaylarının tərkibində sağlamlığınıza zərər verə biləcək digər maddələr ola bilər və istifadə etdiyiniz hər hansı digər dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Arıqlama çayları heç bir tənzimləyici orqan tərəfindən təsdiq edilmir. Həkimlər orqanları zəiflədiyini iddia edən bu və buna bənzər məhsullardan istifadə edən insanlardan çoxlu şikayətlər aldığını bildirir və insanlara xəbərdarlıq edirlər".
Havar Şəfiyeva