"Yağışların intensiv yağması bəzi sahələrə, xüsusən taxılçılığa müsbət təsir göstərəcək. Payız mövsümündə payızlıq buğdanın, ümumiyyətlə payızlıq taxılın əkini həyata keçirilir və sonrakı etaplarda suvarmada ciddi problemlər yaranır".
Bunu Faktmedia.az-a kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli deyib.
Ekspert əlavə edib ki, yağışların çox olması suvarmada yaranan problemləri nisbətən aradan qaldıra bilər:
"Harada quruma çox getməyib yağışların yağması həmin sahələrdə bitkilərin dirçəlməsinə, normal inkişafına səbəb ola bilər. Digər tərəfdən indi yaz mövsümü olduğu üçün yazlıq bitkilərin əkin-səpin işləri aparılır. Belə intensiv yağışlar isə, əkin-səpin işlərini gecikdirir, mənfi təsir göstərir. Əkin- səpin işlərinin geçikdirilməsi aqrotexniki qaydalara vaxtlı- vaxtında əməl olunmaması deməkdir. Əkin- səpin işləri optimal müddətə aparılmalıdır. Sonra havalar isti keçəcək, bir o qədər də yağış yağmayacaq".
Qeyd edək ki, son günlər ölkə ərazisində hava qeyri-sabit keçir. Hətta, bəzi dağlıq və dağətəyi rayonlara qar yağıb.
Rəna Həsənova