"Ölkəmizdə su qıtlığının yaşanmasına çox saylı amillər təsir edir. Bu amillərdən ən əsası iqlim dəyişiklikləridir. Hansı ki, çaylarımızda suyun azalmasını da müşahidə edirik".
Bunu Faktmedia.az-a Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov deyib.
O bildirib ki, son 30 ildə Azərbaycan çaylarında su 25-30 faiz azalıb və bu azalma tendensiyası get gedə davam etməkdədir:
"Bu azalma paralel olaraq suya olan tələbatının artması fonunda baş verir. Həm torpağın suya olan tələbatı artır, həm də Azərbaycanda əkin sahələri sürətlə artmaqdadır və əkin sahələri 2010-cu ildən 2020-ci ilə kimi ən azı 70 faiz artıbdır. Və bu artım əsasən Aqroparklar nəticəsində baş verir. Daha böyük əkin sahələri suvarılır və nəticədə suya olan tələbatı artır. Beləliklə də biz indiki su qıtlığı ilə üz üzə qalmışıq. Su qıtlığının bir səbəbi də bizim infrastrukturda su itkiləri mövcud olmasıdır. Suvarma üçün götürülən suların 50 faizə qədəri itir. Biz həmin 50 faizi itirməsəydik əlavə suya sahib olardıq. İlk növbədə ciddi suvarma tənzimləmələri həyata keçirilməlidir. Suvarma üçün götürülən suyun miqdarı azaldılmalıdır. Ən çox su lazım olan sahə kənd təsərrüfatıdır. Buna görə də suya az tələbatı olan bitkilər əkilməlidir".
Havar Şəfiyeva