Kürün suyunun azalması ilə Qarbağın işğaldan azad olunması arasında əlaqə ola bilərmi?!
Bunun necə ola biləcəyini izah etməzdən əvvəl qeyd edim ki, Kürün aşağı axınında müşahidə olunan kəskin azalma bizim ölkə ilə bağlıdır. Türkiyə və Gürcüstanla birbaşa əlaqəsi yoxdur. İnanmayan gedib Gürcüstan - Azərbaycan sərhədində Kürün səviyyəsini müşahidə edə bilər.
Kürün səviyyəsinin bu cür kəskin şəkildə azalmasının suvarma ilə də birbaşa əlaqəli olacağı da məntiqsizdir. Çünki fevral ya da martın əvvəli suvarma ayı deyil.
Rəsmi statistikaya görə də müharibədən əvvəlki il (2019) ilə müqayisədə müharibədən sonrakı ildə (2021) Azərbaycanda sudan istifadə kəskin artmayıb.
- İstifadə olunan suyun adambaşına düşən miqdarı:
2019-cu ildə 1 335 m3
2021-ci ildə 1 372 m3
- Məişət-içməli su kimi:
2019-cu ildə 312 milyon m3
2021-ci ildə 321 milyon m3
- Nəql zamanı itkilər:
2019-cu ildə 3 milyard 755 milyon m3
2021-ci ildə 3 milyard 217 milyon m3
- Suvarmada və kənd təsərrüfatında:
2019-cu ildə 7 milyard 38 milyon m3
2021-ci ildə 7 milyard 575 milyon m3
2022-ci ilin rəqəmləri hələ açıqlanmayıb, amma ehtimal etmək olar ki, ciddi dəyişiklik olmayacaq.
Amma və lakin, statistikaya baxanda açıq şəkildə görülür ki, müharibədən əvvəlki illə (2019) müqayisədə müharibədən sonrakı ildə (2021) Azərbaycanda qum-çınqıl istehsalı kəskin artıb.
2019-cu ildə 1 milyon 88 min ton qum, 1 milyon 194 min çınqıl, qırmadaş və s.
2021-ci ildə 1 milyon 822 min ton qum, 3 milyon 567 min ton çınqıl, qırmadaş və s.
İstehsal olunan qum-çınqıl ölkə daxilində istifadə olunub. Üstəlik Rusiyadan çınqıl idxalı da kəskin artıb:
2019-cu ildə 627 ton çınqıl, qırmadaş və s.
2021-ci ildə 9 min 325 ton çınqıl, qırmadaş və s.
Çaylarda suyun miqdarını azaldan əsas səbəbin qum-çınqıl yataqlarının istismarı olduğunu yəqin ki, heç kim inkar etməz. Qum-çınqıl yataqlarının istismarının çayların başına nə “oyunlar gətirdiyi” ilə bağlı internetdə yüzlərlə məlumat var, istəyən baxa bilər...
O ki qaldı qum-çınqıl yataqlarının Qarabağdakı tikinti ilə əlaqəsinə bunu da KOBİA sədrinin linkə atdığım videosundan (25-ci saniyədə) öyrənə bilərsiniz...
Söhbət KOBİA-dan düşmüşkən onu da deyim ki, 2020-ci ildə KOBİA-nın təşəbbüsü ilə “Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyası” adlı qurum da yaradılıb...
Jurnalist Allahverdi Aydın