"X Qlobal Bakı Forumunun Bakıda keçirilməsi böyük siyasi əhəmiyyət kəsb edir. Bu dəfəki Forum dünyada cərəyan edən mürəkkəb siyasi proseslərin və ziddiyyətlərin fonunda keçirilir və əlbəttə ki, bunun ayrı bir siyasi əhəmiyyəti vardır".
Bunu Faktmedia.az-a siyasi ekspert Vüqar Əhmədov deyib.
Ekspert əlavə edib ki, Azərbaycan dövləti hər zaman müxtəlif siyasi qütblərin və mədəniyyətlərin dialoq və görüş məkanına çevrilib:
"Şübhəsiz ki, bu prosesdə Prezident İlham Əliyevin şəxsi nüfuzunu xüsusi qeyd etmək lazımdır. Bu dəfəki Qlobal Forum yeni reallıqda, Azərbaycanın öz ərazilərinə mütləq hakim olduğu bir dönəmdə keçirilir. Azərbaycanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə Qlobal Foruma ev sahibliyi etməsi həm də qədim sivilizasiyalı bir məkan olması mesajını dünyaya çatdırmış olur.
Bütün bunlar Azərbaycanın sülh, anlaşma və mədəniyyətlərarası dialoq prinsipinə sadiq qaldığının göstəricisidir. Azərbaycanın qlobal səviyyədə həyata keçirdiyi bu təşəbbüslər qonşu ölkələrə də qarşılıqlı sülh və dialoq şəraitində yaşaması üçün bir mesajdır".
Havar Şəfiyeva