"8 martın tarixi o qədər dəyişdirilib ki, qadınlara kütləvi şəkildə hədiyyələr verilməsi və onların necə razı salınacağı barədə dərin-dərin fikirlərə qərq olan bir günə çevrilib".
Bunu Faktmedia.az-a sosioloq Lalə Mehrəli deyib. O bildirib ki, bu günün tarixi ilə bağlı baş vermiş hərəkat qadın və kişinin bərabər hüquqların təmin olunması, öz zəhmətləri qarşılığını almaq üçün həyata keçirilib:
"8 martı qeyd eləyən, hədiyyə gözləyən qadınların əksəriyyətinin bu tarix ilə bağlı kiçik fikri belə yoxdur. Bu günün tarixində qadınlar yalnız iki şey istəyirdi: kişilərlə bərabər hüquq və öz zəhmətlərinin qarşılıqları almaq. Ona görə də bu günə çiçək və çörəyi özlərinə simvol olaraq götürülüb. Çörək zəhmətlərinin bəhrəsi, çiçək isə diqqət və qayğı görmələrinin simvolu kimi xarakterizə olunurdu. Düzdür, indi bir çiçəklə də kifayətlənən xanımlarımız çoxdur. Lakin hədiyyə yarışına çıxan, aldığı hədiyyələri nümayiş etdirən, gözlədiyi adamdan maksimal qiymətdə hədiyyələr tələb edən qadınlar da kifayət qədərdir. Hər gün öz mahiyyətini dəyişdiyi kimi bu gün də bayram olaraq qeyd olunur. 8 mart ağızdan-ağıza gəzən fikirlərlə qeyd olunan bir tarixə çevrilib. Amma o qadınlardan bu günün tarixi ilə bağlı nə qədər məlumatlı olduğunu, bu hərəkatın mahiyyəti nədən bəhs etdiyini soruşsaq əksəriyyəti bilməyəcək, bilənlər də feminizm ideologiyası ilə çıxış edəcəkdir".
Havar Şəfiyeva