"Ukraynaya qarşı müharibəyə başlayanda, yəni sanksiyalar rejimi işə düşəndə Rusiyanın ən böyük arqumentlərindən biri bu idi ki, Avropa bu qış donacaq. Doğrudan da qiymətlər yüksəldi. Əsasən yay və payız aylarının əvvəllərində dollar 2000 avronu da keçdi, hətta bəzi günlərdə 3000 avroya yaxın oldu. İndi 1000 kub metrin qiyməti təqribən 500 dollardır. Rusiyanın planları "suya düşdü" desək yanılmarıq".
Bu fikirləri Faktmedia.az-a iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, 2021-ci ilə nisbətən 2022-ci ildə Rusiya Avropaya 70 faiz az qaz satıb:
"Bu böyük bir itkidir. Rusiyanın 4-cü rüb göstəriciləri daha zəif oldu. Bu ilin yanvar ayında isə, büdcə defisiti 1 trilyona yaxınlaşdı, eyni zamanda da rubl dəyərdən düşdü. 74-75 rubl 1 dollara qədər ucuzlaşdı. Bügün bunların baş verməsinin əsas səbəbi Rusiyanın neftini, qazını satacağı məkanların məhdud olmasıdır. Neftlə bağlı müəyyən qərarlar vermək olur, yəni tankerlərlə daşımaq olur. Qaz daşımalarına isə infrastruktur lazımdır. Rusiya Çinə qaz satışını xeyli artırsa da, bu yetərli deyil. Müharibədən əvvəl Rusiya Avropaya 178 milyard kub metr qaz satırdı. Bu həcmlərin 100 milyarddan çox azalması Rusiya üçün əlavə problem yaradıb".
Ekspert əlavə edib ki, Rusiya indi çox sürətlə sıxılmış qazın tankerlər vasitəsilə daşınması üzrə çalışı:
"Bununla bağlı Saxalində, Yamalda limanlar da tikilib. Amma buna da zaman lazım olacaq, çünki sıxılmış qazın satış bazarları məhduddur. Bu il Rusiya iqtisadiyyatında ciddi problemlər yaşanacaq. Eyni zamanda, bu il Rusiya iqtisadiyyatı üçun gəlirlərin azalması, bazarların itirilməsi, publun qiymətinin aşağı düşməsi ilə yadda qalacaq".
Rəna Həsənova