"Trendyol"un, yaxud, bu cür platformaların qadağan edilməsi, bağlanması düzgün fikir deyil. Ölkə qanunvericiliyinə əsasən, ayda hər bir kəs 300 dollar məbləğində hansısa bir məhsulu sifariş edib, gətizdirə bilər".
Bunu Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli deyib. Ekspert bildirib ki, 300 dollardan yuxarı gətirilən məhsul vergiyə cəlb olunur:
"Bu mütərəqqi qanundur. Qadağan rəqabəti təmin etmək üsulu deyil. Bu platformaları qadağan etməklə ölkədə bahalaşma, qıtlıq yarada bilərik. Bütün dünya elektron ticarət platformasına keçib, bu platformanı daha da inkişaf etdirir təkmilləşdirir. Əgər mağazalarımız rəqabətə tab gətirə bilmirlərsə, deməli yerli sahibkarlar işlərini daha da təkmilləşdirməli, ölkəyə keyfiyyətli məhsullar idxal etməlidirlər. Hesab edirəm ki, bu cür qadağalar yerli sahibkarlığın inkişafına mane olur".
İqtisadçı əlavə edib ki, rəqabət mühitində sahibkarlıq daha da inkişaf edir, xidmətlərinin keyfiyyətini artırır:
"Rəqabət olmadıqda yerli sahibkar hesab edir ki, bazarda hakim mövqeyə malikdir və inkişaf etmir. Bu da düzgün yanaşma deyil. Düşünürəm ki, bu qadağalar işsizliyə bir o qədər də təsir etməsə də, karqo şirkətlərinin gəlirlərinin azalmasına səbəb ola bilər".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb.
Rəna Həsənova