"Prezidentin Münhen çıxışı bu baxımdan əlamətdardır ki, proseslər yenə "Brüssel formatı"na qayıtdı. Yəni Rusiyanın təsirindən qurtulmaq imkanı haqqında danışa bilərik. Ən azından buna cəhd kimi: həm Ermənistan tərəfdən, həm də Azəbaycan tərəfdən..."
Bunu Faktmedia.az-a beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyib.
Siyasi şərhçi əlavə edib ki, təxminən 1 ildir Moskva formatı, Soçi formatı Rusiyanın əleyhinə özünü dövrəyə salıb:
"Bu mənada Azərbaycan tərəfi maraqlı bir gediş etdi. Münhen ölkələrin gələcəyinə dair bir növ qərarların verildiyi bir ortamdır. Təxminən belə bir mənzərə ortaya çıxdı ki, birləşmiş Qərb indiki mənada Rusiyaya qarşı demarş həyata keçirəcək və onun üzərindən təkcə rus elmi fərdlərinin də nəzərdə tutulduğu antidemokratik rejmlərin çevrilməsi nöqtəsinə qaldırır. Bu mənada Azərbaycanın orada təmsil olunması müasir dünyanın, Qərbin, demoktatik ölkələrin ümumi ansanblında yer alması baxımdan lazımdır. Təbii ki, təklənən Rusiyanın batan gəmisində yer almaq yaxşı olmaz. Bu ölkənin gələcəyi üçün ciddi bir təhlükə vəd edir. Bu mənada Azərbaycanın "Bürussel format"ını üstün tutması və onu bəyan etməsi çox yaxşı oldu. Ən azından Qarabağ məsələsində Azərbaycanı sərhədləri daxilində tanıyan bir formatdı. Lakin Ermənistanın növbəti dəfə həyasızlıqlarının şahidi olduq, amma bir məsələ də maraqlı oldu ki, Zəngəzur dəhlizi üzərində Azərbaycan təzyiqi artırdı. Bu da onunla əlaqədardır ki, Zəngəzur dəhlizi açılmalıdır".
Ə. Əlibəyli qeyd edib ki, bu artıq bizim milli hədəflərimiz arasındadır:
"Bu olmazsa, olmaz prinsipinə əsaslanır. Azərbaycan öz daxilində yaşayan ermənilər üçün Ermənistanla əlaqə qurmağa hansısa bir keçid versə bunu özünün torpaq zolaqları sahələri arasında da istəməlidir. Yəni yola yol prinsipinin tətbiq olunmasını gündəmə gətirdi. Bu özü müsbət bir hadisədir. Mənə elə gəlir ki, Avropanın çalışdığı artıq Qərbin düşündüyü bir Qafqaz birliyi ideyası yönündədir. Təbii ki, bunlar hamısı lokomativ olaraq müsbət fikirlərdir. Amma Qafqazın öz reallığı var və bu reallıqlar nə dərəcədə Avropa ilə səsləşir biz bunu tarixə baxanda da görürük. Amma deyəsən gələcək daha doğrusunu göstərər".
Havar Şəfiyeva