"Dünən başlanan hərbi əməliyyatlar lokal antiterror əməliyyatlarıdır. Azərbaycan heç kəslə müharibə etmir, heç kəsin ərazisinə iddiası yoxdur və bu gün döyüş Azərbaycan ərazisində gedir. Azərbaycanın Qarabağ bölgəsində separatçı bir qurum fəaliyyət göstərir və o, Azərbaycan qanunlarına riayət etmək istəmir, Azərbaycan tərəfin orada yaşayan icma ilə danışıqlar aparmaq, reinteqrasiya prosseslərini müzakirə etmək məsələlərindən yayınır. Ən pisi isə odur ki, həmin rejim Ermənistanla birlikdə Azərbaycan ərazisində vaxtaşırı terror hadisələri törədir".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə deyib. Deputat əlavə edib:
Azərbaycanın işğaldan azad olunan ərazilərində mina basdırılır, hərbi hissələrimizə vaxtaşırı hücumlar edilir, dinc yaşayış məntəqələrimiz hücuma məruz qalır. Bir sözlə, Azərbaycan mütəşəkkil terror prossesi ilə uz- uzə qalmış olur. Dünən ermənilər tərəfindən basdırılmış minalardan 8 nəfərin həlak olması, onlardan 6 nəfərin polis əməkdaşı olması əlbəttə Azərbaycanı antiterror əməliyyatı keçirmək məcburiyyətində qoydu. Bu əməliyyat zamanı Azərbaycan orada yaşayan mülki şəxslərin həyatını qorumağı özü üçün 1 nömrəli vəzifə hesab etdi və mülki obyektlər ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinin hücum planlarında yoxdur. Dünən bütün gün ərzində yalnız düşmənin hərbi obyektləri vuruldu və qarşı tərəfə silahl yerə qoyaraq Azərbaycanla danışıqlara getmək təklifi verildi. Azərbaycanın bu mövqeyi bir çox ölkələr tərəfindən dəstəkləndi. Bizə dost olan ölkələr Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşdıqlarını bəyan etdilər, xüsusilə Azərbaycana dost və qardaş olan Türkiyə Cümhuriyyətinin başçısı R. T. Ərdoğanın BMT baş məclisinin sessiyasında Qarabağı Azərbaycan torpağı adlandırması, Azərbaycanın hüququnu müdafiə etməsi Azərbaycanın hüquqlarının beynəlxalq birlikdə yüksək səviyyədə müdafiə olunduğunu göstərir. Hesab edirəm ki, Azərbaycanın antiterror əməliyyatı keçirməsi beynəlxalq hüquq normalarına tamamilə uyğundur və Azərbaycan bununla özünün bütün ərazisində suveren hüquqlarını tam həyata keçirə biləcəkdi".
Qeyd edək ki, ötən gün ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub. İ. Əliyev vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Rəna Həsənova