"Son zamanlar Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə təəssüflər olsun ki, qanunsuz silahlı erməni hərbi birləşmələrinin silah-sursat, minaların daşınması fəaliyyəti intensivləşib".
Bunu Faktmedia.az-a deputat Tural Gəncəliyev deyib. Millət vəkili bildirib ki, bununla bağlı Azərbaycanın istər XİN, istərsə də Müdafiə nazirliyinin müvafiq bəyanatlarına baxmayaraq Ermənistan 2020-ci il 10 noyabr bəyanatına əsasən öz üzərinə düşən öhdəlikləri nəinki yerinə yetirmirdi, hətta əlavə gərginlik yaratmaq məqsədilə yeni silah-sursatın Qarabağ bölgəsinə keçirilməsi ilə məşğul olurdu. Rusiya sülhməramlıları isə, bütün bu qanunsuz əməllərə göz yumurdu, məhəl qoymurdu:
"Bununla bağlı müvafiq qurumlara dəfələrlə xəbərdarlıq edilmişdi, ancaq fəaliyyət dayandırılmırdı. Nəhayət, Azərbaycan suveren Qarabağ bölgəsində öz Konstitusiyasının, qanun-qaydalarını təmin etmək məqsədilə bir neçə gün bundan əvvəl Laçın dəhlizinin şimaldan keçən torpaq yollarında olan qanunsuz daşımaların qarşısını almaq məqsədilə Müdafiə Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu bizim tam olaraq qanunlarımız, Konstitusiyamız, suveren hüquqlarımız çərçivəsində baş tutmuşdur. Hesab edirəm ki, bu Ermənistana bir xəbərdarlıqdır. Bundan sonra Azərbaycanın suveren ərazilərində qanunsuz erməni birləşmələrinin yerləşməsinə və fəaliyyətinə yol verilməyəcək. Rusiya sülhməramlıları Azərbaycan ərazisində Qarabağda baş verən məsələlərlə bağlı öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Onlar həmin bölgədə yerləşən qanunsuz hərbi birləşmələrin tərkisilah edilməsi, sülhün yaradılması missiyasına xidmət etmək üçün ordadırlar, qanunsuz birləşmələri müşahidə və mühafizə etmək üçün yox. Bütün bu məsələlər Azərbaycanın qanunları çərçivəsində həll olunmalıdır. Orada yaşayan erməni sakinlərin də Azərbaycanın iqtisadi, siyasi, humanitar həyatına inteqrasiyası prossesi bu məsələlərin həlli baxımından çox mühümdür".
Deputat əlavə edib ki, artıq yenə də Qarabağ ermənilərinin reinteqrasiyası və Qarabağda baş verən infrastruktur layihələrinin müzakirəsini aparmaq məqsədilə Qarabağ sakinləri Bakı şəhərinə dəvət olunub:
"Bu Azərbaycanın daxili məsələsidir. Bu məsələlər heç bir üçüncu tərəflə, nə də Ermənistanla müzakirə edilmir. Rusiya sülhməramlı kontingentinin Qarabağ ərazisində müvəqqəti yerləşməsi ilə bağlı məsələlər 10 noyabr 2020-ci il tarixli bəyanat ilə tənzimlənir. Onların fəaliyyəti Azərbaycan Konstitusiyasına, qanunlarına, suveren Azərbaycan ərazilərində yerləşməsi baxımından nəzərdən keçirilməlidir".
Rəna Həsənova