Fransanın satirik “Charlie Hebdo” jurnalı Türkiyədə baş verən dəhşətli zəlzələyə lağ edib. Bildiyimiz kimi, bu Fransa üçün yeni deyil.
Bu barədə Faktmedia.az-a danışan politoloq Züriyyə Qarayeva bildirib ki, Fransanın türk düşmənçiliyi bu cür faciələr zamanı da gizlədilmir:
"Bütün qitələri işğal etmiş, soyqırıç həyata keçirmiş bir dövlət mədəni dəyərlərə daim hakim olan Türkiyəni gözdən salmağa çalışır. Bugün isə dərdinə sevinir. Fransa üçün “ermənidən çox erməni” ifadəsi bugüb təsdiqini tapdı. Düşmənin belə şərəfli ola biləcəyini yunanlar zəlzələ sonrası nümayiş etdirdi. Xilasetmə işlərində fəal olan, televiziya efirlərində türklərin dərdinə şərik olduqlarını ifadə edən yunanlar fransızlara, ermənilərə əsl insanlıq dərsi keçdi".
Politoloq Şahin Cəfərli isə bildirib ki, Fransanın “Charlie Hebdo” dərgisinin səviyyəsi, mahiyyəti hər kəsə məlumdur:
"Bu dərgi bir qrup xuliqan, marginal tərəfindən idarə olunan mətbuat orqanıdır. Onlar vaxtaşırı bir çox insanların, xüsusən dini icmaların hisslərinə toxunan yayınlarla məşğul olurlar. Bu tip provakasiyalar, qalmaqallar yaradaraq gündəmə gəlməyə çalışırlar. Məqsədləri ancaq qalmaqal yaradaraq dünya gündəminə gəlmək və bu məqsədlə insanların hislərinə toxunmaqdan çəkinmirlər. Onların yaxın keçmişdə Məhəmməd peyğənbərin karikaturalarını çəkməkləri məlumdur. Yalnız bunlar müsəlmanları, türkləri hədəf almırlar. Məsələn, İsa peyğənbərin, Roma Papasının da karikaturalarını çəkiblər. Məncə, bunları ciddiyə almağa dəyməz. Bir kağız parçasının bu cür hərəkətlərini bütün Fransa dövlətinə və cəmiyyətinə aid etmək doğru deyil. Fransa zəlzələdən sonra Türkiyəyə yardım edən ilk ölkələrdən biri oldu və artıq fransız xilasediciləri Türkiyənin zəlzələ bölgəsində çalışırlar. Bu gün Fransa parlamentinin açılış toplantısında Türkiyədə zəlzələdə ölənlərin xatirəsinə bir dəqiqəlik sayğı duruşu baş verdi. Dövlətlər arasında mübahisələr, fikir ayrılıqları ola bilər. Bunlar normaldır. Amma Türkiyə-Fransa münasibətlərində ciddi bir qarşıdurma, gərginlik yoxdur. Əməkdaşlıq davam edir. Bu tip jurnalların bu cür provakativ addımları isə dövlətlərarası münasibətləri poza bilməz. Bu cür böyük faciələrdə əksinə dövlətlər də xalqlar da bir -birinə yaxınlaşır. Biz bunu hazırki vəziyyətdə müşahidə edirik. Hətta Yunanistanın məşhur "Kathimerini" qəzeti “Charlie Hebdo” dərgisinin karikaturasına cavab xarakterli bir karikatura dərc edib və orada bir xilasedici divara "hamımız türkük" yazır. Bu cür provakasiyalar hər zaman olacaq, amma ciddiyə almağa dəyməz".
Havar Şəfiyeva, Bəsti MƏMMƏD