"Əslində, ölkə Prezidentinin Mehriban xanımla birlikdə bu bölgəyə səfəri, burada təşkil olunan mədəni tədbirin mahiyyəti birinci növbədə gözlərinə inanmayan insanların bir daha gözlərini açıb Azərbaycana baxması üçün vacib bir tablo idi. Qısa bir müddətdə Laçın kimi şəhərin bərpa olunması və Kəlbəcər kimi çətin dağ massivində yerləşən yaşayış məskənində o qədər böyük infrastrukturun salınması əslində bizi xeyli heyrətləndirməlidir və biz bu günə bir az şükranlığımızı artırmalıyıq".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Fazil.Mustafa deyib.
Deputat əlavə edib ki, biz bu günləri halımızdan, durumumuzdan hədsiz narazı olan insan kütləsi olaraq bu prossesləri ağlımızın süzgəcindən keçirməliyik:
"Yəni bir ölkənin rəhbərinin edə biləcəyindən, bizim gözlədiyimizdən artıq işlər görülmüş və bu möhtəşəm işin qiymətləndirilməsi mütləq vacibdir. Biz bunu tarixə saxlamamalıyıq, məncə bu gün qiymət verməliyik. O cür möhtəşəm bir səhnə, insanların qayıdışı, Laçının dirçəlişi, bölgələrin dirçəlişi insanın içini ruhlandırır, işıqlandırır. Ona görə də bu səfər hər bir Azərbaycan vətəndaşına olduqca möhtəşəm bir qürur yaşatdı. Azərbaycan insanına bir də məsuliyyət yükünü aşıladı, yəni" özün nə etmisən?" Kənardan bəzən boş- boş tənqid edən, nəyisə etmədiyimizi söyləyən, hətta ölkə başçısının da " filan siyasəti niyə belə aparmadın?" deyənlərə əslində bu bir cavab idi. Mən hesab edirəm ki, bu səfərin o qədər böyük dəyəri oldu ki, ən azı Azərbaycan insanı üçün bir daha xatırlatdı ki, vətən torpağının dəyəri nədir və vətən torpağının dəyəri sadəcə şeir, mahnı deyil, orada çəkilən yoldur, ora köçən insandır. Bu səfər bizim Qarabağla bağlı, Azərbaycan torpaqları ilə bağlı məsuliyyətimizi bir daha artırmalıdır. Biz daha düşünməliyik ki, bu torpağı heç bir halda itirməməliyik, bizim bir namus borcumuz olmalıdır. Çünki bunun bərpası nə qədər ağır zillətlə başa gəlir, nə qədər ağır sıxıntılarla başa gəlir. Bu baxımdan prezidentin orada xalqla görüşü, uşaqlarla gôrüşü, tədbirlərdə çıxışı bir xalqın ruhunu dirçəltmə xarakteri daşıyırdı və mən bir sıra epizodlarda duyğulandım, fikirləşdim ki, bundan sonrakı məqamda daha fərqli şəkildə bu vətən üçün əlimizdən gələni etməyə hər birimiz öz sahəsində daha məsuliyyətlə səfərbər olmalıyıq".
Rəna Həsənova