"Türkiyə Prezidenti cənab Ərdoğan seçkilərdən sonra Şimali Kiprə səfər etdi və sonra Azərbaycana gəldi. Yəni Azərbaycan, uğurlu seçkilərdən sonra Türkiyə Prezidentinin səfər etdiyi ilk xarici ölkədir".
Bunu Faktmedia.az-a millət vəkili Rüfət Quliyev deyib. Deputat əlavə edib:
"Cənab Ərdoğanın Bakıya səfəri iki xalqın, iki dövlətin, iki ölkə rəhbərinin bir- birinə qarşı olan isti münasibətidir. Bu dostluqdur, qardaşlıqdır, gələcəyə inamdır, bir-birinə köməkdir. İstər beynəlxalq hüquqa aid olan, istər dünya iqtisadiyyatına aid olan bütün məsələlərdə Azərbaycanla Türkiyə hər zaman birlikdədirlər. Burada nəqliyyatla, qaz boruları ilə, neft boruları ilə əlaqədar olan milyardlıq layihələrdir, hansı ki, həm inkişaf edir, həm də davam edir. Bu iqtisadi məsələdir. Burada dünya beynəlxalq arenasında hər iki qardaş dövlətin bir- birinin maraqlarını qorumaq, bir-birinə dəstək olmaq və s. kimi bir çox məqamlar var. Ulu öndərin dediyi kimi biz "bir millət, iki dövlətik". Mən düşünürəm ki, Ərdoğanın seçkidən sonra ilk olaraq Azərbaycana tarixi səfəri başqa dövlətlərə bir mesaj oldu. Bakıda görüş keçirildi, bir çox məsələlər həll olundu, gələcək üçün bəzi layihələr barəsində söhbətlər aparıldı.. Biz xalq olaraq çox yaxınıq və biz çalışacağıq ki, bütün bu münasibətlərdən hər iki dövlət, hər iki ölkə faydalansın".
Rəna Həsənova