"Vətən müharibəsinə qədər Azərbaycanda hər il bu və ya digər rayonumuzun işğal günü qeyd edilirdi. Bu ağır və çətin olsa da, inanırdıq ki, dövlətimizin, şəxsən cənab İlham Əliyevin apardığı siyasət nəticəsində mütləq o torpaqlar işğaldan azad olunacaq. Cənab Prezidentimizin sərəncamı ilə bu yaxınlarda işğal altında olan bölgələrimizin işğaldan azad olunan günləri "Səhər günləri" kimi dövlər səviyyəsində tanındı və ilk dəfə olaraq Laçında Azərbaycan qoşunlarının Laçını azad etdiyi gün yüksək səviyyədə qeyd edildi. Cəmi bir il ötüb bu tarixdən, amma bununla belə bir il ərzində şəhər bərpa edilib, infrastruktur yenidən qurulub, rayon sakinləri öz evlərinə qayıdıblar və günü-gündən geri qayıdan keçmiş məcburi köçkünlərin sayı artmaqdadır".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri barədə danışarkən deyib.
Deputat əlavə edib:
"Hətta sosial şəbəkənin erməni seqmentində Azərbaycanın ən sərt tənqidçiləri belə, Azərbaycanın qısa zamanda öz bölgələrini necə bərpa etdiyini qeyd etməyə məcbur olur. Laçın "Şəhər günü"nün qeyd edilməsi mərasimində ölkə prezidenti və birinci vitse- prezidentin iştirak etməsi bu tədbirlərə xüsusi bir rövnəq verdi. Cənab Prezidentimiz görülən işlərlə tanış oldu, insanlarla çox səmimi söhbət etdi və gələcək planlarla bağlı bölüşdü. Laçınlıların cənab prezidenti böyük məhəbbətlə , yaxın bir insan kimi qarşılamaları onun siyasətinin Azərbaycan vətəndaşları tərəfindən yüksək səviyyədə müdafiə edildiyini bir daha sübut edir. Qarşıdan digər şəhər və rayonlarımızın da gününün qeyd edilməsi gəlir. Onlarda da belə tədbirlərin olacağı gözləniləndir. Bütün dünya Azərbaycanın öz torpağına necə sahibləndiyinin şahidi olur. 44 günlük əzəmətli qələbəmiz öz nəticəsini verir. Şəhidlərimizin qəhrəmanlığı öz nəticəsini verir. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan öz suveren hüquqlarını bütün sahələrdə yüksək səviyyədə həyata keçirir. Bu, işğaldan azad olunan zonaların bərpasıdır. Bu, Azərbaycanın bütün bölgələrində iş yerlərinin açılması, Azərbaycanla xarici ölkələrin münasibətlərinin yüksək səviyyədə qurulmasıdır. Özbəkistan Prezidentinin bu günlərdə Azərbaycana, oradan da Füzuli şəhərinə səfər etməsi bunun bariz nümunəsidir. Azərbaycan xalqı özünün yeni bir inkişaf dövrünü yaşayır və günü- gündən ölkəmizin iqtisadi qüdrəti artacaq, ordumuz daha güclü olacaq, vətəndaşlarımız daha yaxşı yaşayacaqlar".
Rəna Həsənova