Ötən gün Xankəndidə qanunsuz rejimin “rəhbər”i Arayik Harutyunyanın “Təhlükəsizlik Şurası”nın iclasını çağırdığı barədə məlumat yayılıb. Məlumata görə, Harutyunyan “iclas” zamanı Ağdam-Xankəndi yolu ilə ticarətin aparılmasına dair qərar qəbul edildiyini bəyan edib.
Məsələ ilə bağlı Faktmedia.az-a danışan millət vəkili Aydın Mirzəzadə deyib ki, bu barədə hələ rəsmi xəbər yoxdur. Bu hələ ara- sıra gəzən söhbətlərdir:
"Ancaq Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməni separatçılarının bundan başqa çıxış yolu yoxdur. Həmin ərazi Azərbaycan ərazisidir və həmin insanlar ancaq Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdırlar. Onların təchizatı üçûn ən optimal, ən rahat yol Azərbaycan vasitəsilədir. Yanacaq, təsərrüfat malları, tikinti materialları həm ucuz, həm rahat Ağdam-Əsgəran yolu ilə çatdırıla bilər. Gələcəkdə isə, kommunikasiya xətləri də Azərbaycan vasitəsilə həmin əraziyə verilə bilər. Başqa çıxış yolu yoxdur. Nə qədər radikal olsa da, bu gün orada yaşayan separatçıların liderləri başqa yol görmürlər. Nəzərə alsaq ki, bu gün həmin ərazidə yaşayan sadə erməni sakinlər Azərbaycan telekanallarına verdiyi müsahibələrdə Laçın sərhəd- buraxılış məntəqəsinə keçidin çox rahat olduğunu, hər hansı bir problemin olmadığını bilirlər. Bu o deməkdir ki, həmin sakinlər artıq özünü "lider" adlandıran şəxslərdən Azərbaycanla normal münasibətlər qurulmasını tələb edirlər".
Rəna Həsənova