"Jurnalistlərin sosial şəbəkədə apardıqları müzakirələrdən gəldiyim qənaət ondan ibarətdir ki, jurnalistlərin əksəriyyətinin bu məsələyə münasibəti o qədər də müsbət deyil və eyni zamanda müəyyən neqativ fikirlər, münasibətlər mövcuddur. Amma mən hesab edirəm ki, ölkədə mülkiyyət münasibətləri baxımından hər hansı bir ayrıseçkilik qoyulmamalıdır, hamıya bərabər şəkildə münasibət göstərilməlidir. Əlbəttə, istisna kimi hökumətin, dövlətin qəbul etdiyi bəzi qərarlara hörmətlə yanaşmaq tələb olunur və lazımdır".
Bunu Faktmedia.az-a daşınmaz əmlak məsələsi üzrə ekspert Ramil Osmanlı deyib. Ekspert bildirib ki, bu baxımdan əgər dövlət qərar qəbul edəcəksə ki, jurnalistlər üçün yeni binalar inşa olunsun və yaxud inşa olunmuş binalarda onlara mənzillər paylansın, bu çox normaldır və başadüşüləndir:
"Əgər bunun əksi qəbul olunacaqsa, hər halda, buna da hörmətlə yanaşmaq lazımdır. Mən düşünürəm ki, bu gün faktiki olaraq Azərbaycan mətbuatında qeyd olunan kateqoriyaya uyğun gələn və gəlirləri baxımından bu məsələyə uyğun olan tərəf demək olar ki, mənzillə təmin olunubdur, onların əksəriyyətinin mənzilləri var. Mənzili olmayan media işçilərinin isə, aldıqları əmək haqqı bu gün qeyd olunan ipoteka şərtlərinə uyğun deyil. Bu istər Mənzi İnşaat Dövlət Agentliyinin xətti ilə verilən mənzillər olsun, istər güzəştli mənzillər olsun, baxmayaraq ki, güzəştlidir, uyğun deyil. Bildiyimiz kimi 15 il staj güzəştli ipoteka şərtlərinə də aiddir, belə ki, media reyestrinə daxil olan və 15 il stajı olan jurnalistlər güzəştli ipoteka şərtlərindən yararlana bilər. Amma, mövcud vəziyyətdə mən düşünmürəm ki, jurnalistlərin rəsmi gəlirləri buna adekvat olsun. Hesab edirəm ki, bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Hər bir halda, arzum ondan ibarətdir ki, hamının mənzili olsun, hamının bir neçə mənzili yox, yəni, dövlətin verdiyi hansısa imtiyazlardan istifadə edərək, mənzili ola-ola, bir neçə mənzil sahibi olmaq, mən hesab edirəm ədalətsizlikdir. Əgər bir nəfər mənzil sahibidirsə və 2-3 mənzili də dövlətdən alıb yığmağa ehtiyac yoxdur. Bu məsələlər ciddi şəkildə tənzimlənməlidir. Ümumiyyətlə, belə bir bölgü də aparılsa, bu ədalətli olmalıdır".
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti binalardakı mənzillərin satışına başlayır.