"Bu layihənin icrasına 2020-ci ildə başlanılıb, təqribən 3 illik bir prossesi əhatə edir. Bu 3 il ərzində ümumilikdə 3000-dən artıq, yəni 3400-ə yaxın mənzil öz sahiblərinə verilib. Nəzərə alsaq ki, 2020- ci il pandemiya dövrünə düşdü, layihənin ilk başlanğıc mərhələsi üçün bu rəqəm kifayət qədər normaldır".
Bunu Faktmedia.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspert əlavə edib:
"Ola bilsin ki, gələcəkdə mənzillərin sayı artırılacaq. Layihə yeni başladı. İpoteka və Kredit Zəmanət Fondu bu istiqamətdə müəyyən araşdırmalar aparır, bazar monitorinqlərini həyata keçirir. Eyni zamanda bu dövr ərzində mənzil bazarında da kifayət qədər qiymət dəyişikliyi oldu. Bu səbəbdən İpoteka və Kredit Zəmanət Fondu bazarda birdən-birə külli miqdarda pul axınlarının baş verməməsi üçün hələlik düzgün strategiya tətbiq edib. Ola bilsin gələcəkdə müəyyən layihələr olacaq. Hələki satışa çıxarılan layihələrdə mənzillər qalır, bu da onu deməyə əsas verir ki, əslində bu gün satışa çıxarılan mənzillərin sayı normaldır".
Qeyd edək ki, kirayə mənzillərlə bağlı 27 apreldə yenidən qeydiyyat aparıldı. Bakı və Sumqayıt üzrə mənzillərin çox hissəsi elə həmin gün satıldı.
Rəna Həsənova