"Cəmiyyət günü-gündən mürəkkəbləşir, mürəkkəbləşdikcə problemlər də çoxalır, insanların özləri də həssaslaşır, əsəbi gərginlik vəziyyətləri də artır. Bunu nəzərə alaraq təcili xüsusi qurumlar olmalıdır, cəmiyyətə diqqət artmalıdır. Bunun üçün ölkədə sosial siyasət, humanitar siyasət dəyişməlidir. 20- 30 il əvvəlki humanitar siyasətlə, sosial sahələrdəki problemlərə münasibətlə biz qaldıqca o mürəkkəbləşmə daha çox fəsad verir. İlk növbədə ölkədə sosial iş xidməti çox yüksək səviyyədə təşkil olunmalıdır. Bunun üçün biz yüksək səviyyəli sosial işçilər yetişdirməliyik. Doğrudur, indi universitetlərimizin, kolleclərimizin çoxunda sosial iş ixtisası var, amma, təəssüf ki, buradakı mütəxəssislər hələ günün tələbi səviyyəsində yetişdirilmir, sanki diplom almaq xatirinə yetişdirilir və o diplomların da çoxu həqiqi diplom deyil. Mən, əgər həqiqi savad öyrədə bilmirlərsə, o diplomlara sadəcə ödəniş haqqında qəbz kimi baxıram. Bizim səhiyyə xidmətimiz də dəyişməlidir. Elə bir şərait yaratmaq lazımdır ki, ailə həkimləri şəbəkəsi çoxalsın, hər ailənin özünü diqqətdə saxlayan həkimlərimiz olsun".
Bu fikirləri Faktmedia.az-a sosioloq Əhməd Qəşəmoğlu deyib. Sosioloq bildirib ki, indi 50 il bundan əvvəlki kimi deyil ki, sahə üzrə poliklinikalarda həkimlər olsun:
"İndi ailələrin həkimləri olmalıdır və həmin həkim də ailədəki üzvlərin səhhətinin hansı şəkildə dəyişdiyini nəzarət altında saxlamalıdır. Bunun üçün də yüksək səviyyəli, layiqli həkimlərimiz olmalıdır, yoxsa Tibb universitetini " kələk- küləklə" bitirmiş, o dediyim diplomlardan almış həkimlərdəndirsə, o ailə həkimi mənim nəyimə lazımdır?. Ailə həkimi savadlı olmalıdır və o, ailədəki insanların hansı problemləri olduğunu, o problemlərin nə ilə əlaqədar olduğunu, həmin ailəni qidalarla, idmanla necə müalicə etməyi, tibbi yaxud cərrahi müdaxilələrlə bağlı hansı işlər görülməli olduğu barədə məlumat verməyi bacaran olmalıdır. Dünyda ailə həkimi institutu sürətlə inkişaf etməkdədir və Azərbaycanda da bu olmalıdır. Digər tərəfdən biz çalışmalıyıq əhalinin sağlamlıq mədəniyyəti, qida mədəniyyəti yüksəlsin. Biz orta məktəbdə uşaqlara orta təhsil sistemində sağlamlıq, qidalanma mədəniyyətini öyrədə bilərik, amma bu sahəyə əhəmiyyət verən yoxdur, kimsə çalışır ki, hansısa ölkənin təhsil modelini gətirsin sadəcə reklam xatirinə Azərbaycanda tətbiq eləsin. Ona görə də görüləcək xeyli işlərimiz var. Belə suallar eşidəndə də mən sosioloq kimi çox kədərlənirəm. Çünki bu sahədə kömək etmək, işlər görmək mümkündür və lazımdır. Təəssüf ki, bu sahədə cavabdeh olan məmurlar görünür ki, hələ ya lazımi səviyyədə dərk edə bilmirlər, ya da bu sahədə ümumiyyətlə anlayışları aşağıdır, azdır. Ümidvaram ki, bu məsələlər də anlaşılar, başa düşülər, bu sahədə də lazımi işlər görülər, elmi əsaslarla fəaliyyət proqlamları hazılanıb həyata keçirilər".
Rəna Həsənova