Bu dəfə narkotikdən, narkomaniyadan danışmaq istəyirik. "Ağ ölüm"ün Azərbaycanda necə deyərlər "at oynatdığı" bir vaxtdan. Biz əminliklə deyə bilərik ki, Azərbaycanda narkotik istifadəsi və satışı son illərin dəbidir. Bəlkə də 10-15 il öncə bu ayıb sayılardı, ya da qorxu... Amma biz - cəmiyyət artıq bu iki xətti - ayıblıq dərəcəsini və qorxu hissini çoxdan aşdı. Rayonundan tutmuş şəhərə kimi, gəncindən tutmuş ahılına kimi bu qorxunc bələya yuvarlandı. Bu bəlaya yuvarlananlar sosial şəbəkələrdən onlayn satışlar vasitəsi ilə daha sürətli əldə edənlərdir. Mövzunun bu yerində öz həmkarımızın da bu bəladan danışmasından başlayaq. Yaxın günlərdə Əməkdar jurnalist Nəsimi Nəbizadə belə bir müsahibə verib(Bakupost.az-a):
"Mən indi nəsə desəm, bir qrup adam elə biləcək ki, özümə haqq qazandırıram. Bir qrupu düşünəcək ki, kimlərisə günahkar çıxarıram. Nə desəm, bir neçə məna verəcək. Bu elə axmaq, murdar, insanı o dərəcədə uçuruma aparan, kiçildən, özünə qul edən, hörmətdən salan bir şeydir ki.. Təsəvvür edib, bir cinayətkar olur, onu dünyanın ən savadlı, ən təcrübəli vəkili də müdafiə edə bilmir. Çünki buna yer qoymur. Bu da təxminən elə bir şeydir. İradə əsas rol oynayır ortda. "Yox" deyərək bir də o yola qayıtmayan adamlar kifayət qədərdir. Mən də şükür Allaha, artıq uzun müddətdir ki, yaxşıyam".
Həmkarımız da etiraf edir ki, narkotik bir cəhənnəmdir, heç kim ora yuvarlanmasın, düşüblərsə də ümid ən sonda ölür.
Mövzu barədə Faktmedia.az millət vəkilləri və ekspertlərin fikrini öyrənməyə çalışıb:
Deputat Fazil Mustafa bildirib ki, bu gün ölkədə narkomaniyanın artım səbəbləri əsasən bunlardır: İrandan ötürülən narkotiklər, işsizlik, bu istiqamətdə nəzarətin yetərli səviyyədə olmaması...":
"Orta məktəbdən tutmuş, cəmiyyətin bütün sahələrində narkomaniyaya qarşı ciddi mübarizə aparılmalıdır, səfərbərlik elan edilməlidir. Təəssüf ki, bu yoxdur. Ona görə də bu davam edəcək. Bunun qarşısını almaq mümkün deyil, minimuma endirmək olar. Amma, bunun üçün də infrastruktur qurulmalıdır, narkomanların müalicəsi infrastrukturu qurulmalıdır. Bu yoxdur, ona görə də çətin olacaq. Hər halda bu istiqamətdə cəmiyyət səfərbər olunmalıdır, çünki həbs etməklə olmur. Bunun qarşısını almaq üçün ciddi dövlət proqramı həyata keçirilməlidir".
Deputatın başqa həmkarı Azər Badamov isə belə düşünür: "Narkomaniya bu gün bəşəri bəlaya çevrilib. Dünyada demək olar ki, bütün ölkələr narkotik ticarətinə qarşı mübarizə aparır. Amma təəssüf ki, bu bəlanının qarşısını almaq olmur və narkotik istifadəçilərin sayı günü-gündən artmaqdadır:
Onun sözlərinə görə narkoticarət asan yolla böyük gəlirlər gətirdiyindən bu sahədə gizli ticarətin qarşısını almaq çətinləşib:
"O cümlədən, Azərbaycanda da narkomaniyaya qarşı mübarizə tədbirləri görülsə də narkotik istifadəçilərin sayı əksinə artmaqdadır. Narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində məktəblərdə maarifləndiriolmə işləri aparılır. Amma görülən işlərə baxmayaraq təəssüf ki. narkotikə aludəçilərin əksəriyyəti də məktəb illərindən istifadə etməyə başlayanlardır. Bunun kökündə məktəb ətrafında uşaqları narkotikə öyrəşdirən şəxslərin olduğunu hesab edirəm. Onlar əvvəl 1-2 dəfə uşaqları gizli şəkildə narkotik verib öyrəşdirərərk narkotik istifadəçilərinə çevirirlər. Ona görə də məktəb yaşlarından uşaqların həyat tərzinə, təlim-tərbiyyəsinə nəzarətin gücləndirilməli olduğunu hesab edirəm. Burda yuxarı sinif şagirdlərin dərslərə davamiyyəti əsas rol oynayır. Bəzi məktəblərdə uşaqlar repetitor adı ilə mütəlif yollarla dərslərdə iştirak etmirlər. Məktəbə gəlməyən uşaq da nəzarətdən kənarda qalır və pis vərdişlərin təsiri altına düşür. Ona görə də məktəblərdə maarifləndirmə işləri aparmaqdan daha çox yuxarı sinif şagiurdlərin dərsə davamiyyətini ciddiləşdirməyin vacib olduğunu hesab edirəm".
A.Badamov qeyd edir ki, narkotik satışı ilə məşğul olanlara qarşı görülən tədbirlər ağırlaşdırılmalıdır:
"Beləki, narkotik satışı ilə məşğul olanları ağır cəzalarla cəzalandırılmalı və onu bu cinayət əməllərinə yenidən əl atmaması üçün bütün tədbirlər görülməlidir. Narkomaniyaya qarşı tədbirlərdə valideynlərin də aktiv rol oynamalı olduğunu hesab edirəm. Çünki, uşaq 6-7 saat ərzində məktəbdə olur. Qalan vaxtı isə sərbəst olduğundan valideynlər öz övladların nə ilə məşğul olduqlarını bilməlidir. Uşaqlar bizim gələcəyimizdir. Sağlam, pis vərdişlərə qurşanmadan böyüyən uşaq ölkənin sağlam gələcəyinin davamçısıdır. Ona görə də bəşəri bəla olan narkomaniuaya qarşı mübarizədə valideyn, məktəb və digər dövlət orqanları əl-ələ verərək mübarizə tədbirlərini genişləndirməlidir".
Bu yerdə xatırlatmaq istərdik ki, artıq ölkə gündəmində ajiotaj yaradan məsələ narkomaniyanın məktəblərə ayaq açmasıdır. Bu barədə sosial şəbəkələrdə görüntülərə də rast gəlmək mümkündür. Həmçinin rəsmi məlumatlar da yer almaqdadır. Amma təhsil eksperti İlqar Orucov bu barədə fərqli düşünür. Ekpert deyir ki, narkomaniyanı birbaşa məktəblə bağlamaq doğru yanaşma deyil. Amma təssüf ki, məktəb yaşlı uşaqlar arasında bu kimi xoşagəlməz vərdişlərə aludə olmaqla bağlı informasiyalar dolaşır. Bir müddət öncə hətta məktəblərdə patı satılması ilə bağlı informasiyalar dolaşırdı:
"Təbii ki, məktəb və bu cür zərərli vərdişlər bir bir birinə yaraşmayan iki mövqedir. İnanmıram ki, narkotikin artmasının səbəbi məhz məktəblərdir. Hesab edirəm ki, burda cəmiyyət özü diqqətli olmalıdır. Narkomaniya elə bir bəladır ki, o hətta bir çox hallarda nümunəvi ailələrdə belə xoşagəlməz hallar yaradır. Çox tanınmış adamlar da sonradan bu vərdişlərin qurbanına çevrilir. Belə hallar olur, lakin son zamanlar daha da çoxalmağa başlayıb".
İ.Orucovun sözlərinə görə burada cəmiyyət, ailələr və qurumlar hamı birlikdə səfərbər olmalıdır:
"Narkotik aludəçisi bütövlükdə cinayətkara meyilli olan potensial şəxsdir. Onlar daha çox tam şəxsiyyət olaraq formalaşmamış imkanlı ailələrin uşaqları hədəf götürürlər. Bu işdə məktəb rəhbərləri, müəllimləri xüsusilə diqqətli olmalıdır. Çünki narkotiklə mübarizə barışmaz bir mübarizədir".
Azərbaycanda narkotikin yayılmasında İran faktorunu başlıca qeyd edə bilərik. Demək olar hər gün İrandan Azərbaycana narkotik gətirənlərin sayı artır. Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadənin APA-ya açıqlamasında göstərilir ki, son 5 ildə İran İslam Respublikasından Azərbaycana gətirilən narkotik vasitələrin həcmi 9 dəfə artıb:
"Belə ki, 2018-ci ildə 144,8 kq, 2022-ci ildə isə 1 ton 302 kq narkotik vasitə İİR ilə dövlət sərhədindən qanunsuz yolla gətirilərkən tərəfimizdən aşkarlanıb. Son 5 ildə narkotik qaçaqmalçılığına görə 55 İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Ümumiyyətlə, 2021-2022-ci illərdə Azərbaycan-İran dövlət sərhədində (yaşıl sərhəddə) tutulmuş qaçaqmalın ümumi kütləsi 2 ton 113,3 kq olub. 2018-2020-ci illərdə - yəni əvvəlki 3 il ərzində dövlət sərhədində cəmi 1 ton 222 kq narkotik vasitənin tutulduğunu nəzərə alsaq, rəqəmlərdə kəskin artımın olduğunu görə bilərik".
Qeyd edək ki, 2022-ci ildə narkotik vasitə istifadəçilərin sayı ölkə üzrə 35 min 97 nəfər olub. Respublika Narkoloji Mərkəzin açıqladığına görə, narkotik vasitədən istifadə edən 11-17 yaş aralığında 11 nəfər qeydə alınıb. Xüsusilə qeyd edək ki, statistikaya düşməyən narkotik istifadəçilərinin sayı, düşənlərdən çoxdur. Bunu ona görə deyirik ki, gördüklərimizlə açıqlanan rəqəmləri müqayisə etdikdə belə bir nəticə çıxarmış oluruq. Deputatların dediyi kimi,həm media, həm QHT-lər, həm təhsil müəssisələri bu məsələdə daim maarifləndirmə işləri aparmalıdır.
Mənbə: Faktmedia.az, Dövlət Statistika Komitəsi, Respublika Narkoloji Mərkəz
Bəsti MƏMMƏD, Faktmedia.az üçün