Son illər, eləcə də son aylar ölkədə qəribə hadisələr yaşanır. KİV-lərin manşetləri "gəlin başqasına qoşuldu qaçdı", "Azyaşlı qız özündən yaşlı kişiyə qoşulub qaçdı" və s. xəbərlərlə bəzənir. Təkcə bu gün ərzində yerli mətbuatın sərlövhələrini bu xəbərlər tutub:
"Övladı ilə intihara cəhd edən qadın", "Ölüm həddinə çatdırılan, benzin töküb özünü yandıran qadın", "Qaynata, qaynı tərəfindən zorla sirkə turşusu içirdilib, 13 gün komada qalan qadın", "1 yaş 6 aylıq övladı əlindən alınan qadın", "Qızını sığınacağa yerləşdirmək istəyən qadın", "Taksi sürücüsü tərəfindən fiziki zorakılıq görən qadın", "2 azyaşlı qızı polisdə qoyub gedən ana". Bəli, təkcə bir günün xəbərləridi. Maraqlıdır, görəsən, cəmiyyətdə nə baş verir, ailə instutları niyə dağılıb, cəmiyyətə təsir edən inqredientlər nələrdir?
Mövzu barədə Faktmedia.az-a danışan sosiloq Əhməd Qəşəmoğlu hesab edir ki, mənəvi dəyərlər öndə olanda cəmiyyətdə ahəngdar bir münasibət yaranır. Nə zaman mənəvi dəyərlər sıxışdırılır, arxa plana keçirilir, əhəmiyyət verilmir, o zaman cəmiyyətdə eybəcər, xoşagəlməz qarşıdurmalar yaranır:
"Biz uzun müddətdir cəmiyyətdə qadınlarla xüsusi olaraq sosial texnologiyaların həyata keçirildiyini müşahidə edirik, amma fərqinə varmırıq, başa düşmürük ki, nə baş verir. Hər hansı bir xalqı, ölkəni zəiflətmək üçün, ilk əvvəl çalışırlar ki, mənəvi dəyərləri aşındırsınlar. Bu sahədə də ən güclü qüvvələrdən biri qadın- kişi münasibətlərinin xarakteridir. 20 ildən artıqdır ki, bizdə söhbət qadına qarşı zorakılıqdan gedir. "Azərbaycanda qadınlara qarşı zorakılıq, şiddət var, qadınlar hüquqlarını bilmir, azad, demokratik cəmiyyətdə qadınlara mane olurlar" və s. kimi sözlər eşidirik. Söhbət tək qadınlardan gedə bilməz. Söhbət ailələrdən getməlidir, həm qadından, həm kişidən, birtərəfli ola bilməz. Birtərəfli olması düşmən mexanizmidir, dağıdıcı mexanizmdir. Mən uzun illərdir bu sahədə təbliğat aparıram. Bir ailədə gərginlik yaranan zaman qız tərəf gəlib deyərsə ki "mənim qızımla işin yoxdur, sən kimsən ki, mənim qızıma bu sözləri deyirsən, mənim qızımın tələblərini yerinə yetirmirsən", həmin ailədə problemlər həll olunmayacaq. Ağıllı valideyn gəlib həm öz övladına, həm də onun həyat yoldaşına doğma bir münasibətlə öyüd verər. Tərəf saxlamaq düzgün deyil. O cümlədən də, beynəlxalq təşkilatlar əgər istəyirdilər ki, Azərbaycan inkişaf eləsin, Azərbaycan ailəsinin şüası ilə bağlı söhbətlər getməli idi. 20 il düşmən texnologiyaları işlədi Azərbaycanda. Qadınlara axıra qədər izah etmədən azadlıq, demokratiya nədir, onlara dedilər ki, siz azad cəmiyyətdə yaşayırsınız, demokratik prinsiplər olmalıdır və siz qoymayın kişilər sizə qarşı zorakılıq etsin".
Sosiloq əlavə edir ki, bir tərəfdən günü-gündən madiyyata qarşı marağın artması, mənəvi dəyərlərin arxa plana keçməsi, qadınların düzgün maarifləndirilməməsi, ailənin xilası deyil sanki qadınların xilası barədə aparılan işlər gətirib bu vəziyyətə cıxarıb:
"Ailələrdə qarşıdurma yarandı, belə olanda da hər kəs öz üstünlüyündən istifadə elədi. Qadınlar əvvəl-əvvəl kişiləri ancaq tənqid etmək, söymək, təhqir eləmək kimi xeyli xoşagəlməz vəziyyət yaratdılar. Kişilər də öz güclərini onlara göstərdilər, gücləri də yumruqlarına, bıçaqlarına çatdı. Sonra təbii ki, qadınlar da yeni vasitələr axtarmalıydı. Cəmiyyətdə də adət- ənənələrə qarşı biganəlik olanda, qadın da sanki özünü xilas etmək barədə düşünəndə əlavə vasitələr əldə etmək yollarını axtardı və gördü ki, əlavə vasitələrdən biri də bıçaqdır, yumruqdur, fiziki təsirdir. Ümumi qəbahət ondan ibarətdir ki bu cəmiyyətdə gedən sosial problemlərə, humanitar problemlərə zamanın, bu günkü cəmiyyətin tələbləri baxımından yanaşmırıq. Cəmiyyət xeyli dəyişib, mürəkkəbləşib, biz isə köhnə adət- ənənə ilə yanaşırıq. Çalışmaq lazımdır ki, yenə mənəvi dəyərlər öndə olsun, aparıcı rol oynasın və biz təkcə qadınları xilas etmək yox, cəmiyyətimizi xilas etmək, ailəni xilas etmək strategiyası baxımından geniş sosial işlər aparılmalıdır".
Vəfa Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli isə bildirir ki, qızların evdən qaçmasına ya ifrat dərəcədə mühafizəkarlıq, ya da ifrat özbaşınalıq səbəb olur. Hər iki variantda valideynlər günahkardır. Evdən qaçan qızların əksəriyyəti valideyn məsuliyyətsizliyinin qurbanıdır:
"Gənclərin yalnız öz istəklərini önəmsədiyi dövrdə onlara çox sərbəstlik vermək gələcəkdə pis nəticələrə gətirib çıxara bilər. Əgər həmin uşaq ailədən şiddət görürsə, o özü də gələcəkdə şiddət göstərəcək. Ona görə də belə hallarda ailələrə psixoloji dəstək vermək lazımdır. Əgər bir qız yaşadığı evdən qaçırsa, deməli, ana və qızı arasında normal əlaqələr demək olar ki, yoxdur. Səbəb odur ki, bu kimi analar qonşuların özəl həyat qeybətlərini dinləməklə, evdə türk və xarici seriallara, filan müğənni filan işi gördü xəbərlərinə baxmaqla məşğuldular. Bu anaları da qınamaq olmur. Çünki həmin ananın anası da onu belə böyüdüb. İincisi efirlərdə gördüyü bunlardı. Övladın dostları, dərsləri, müəllimləri ilə maraqlanan, psixoloqla söhbətlər aparan anaların sayı bu gün həddən artıq aşağı, yox səviyyəsindədir. Ailədən diqqət, bəzi mövzularda dəstək görməyən qız uşağı da asanlıqla ətrafdaki insanların davranışlarına aldanır. Burada sosial şəbəkələrin rolu böyükdür".
Şair Baba Vəziroğluna görə, cəmiyyətdə əxlaqsızlığın sayı artmayıb, əxlaqsızlığın sayı həmişə olduğu qədərdir. Sadəcə, bu "peşə", ilə həyat tərzi üçün geniş imkanlar açılıb, geniş meydan verilib, ona görə onlar üzə çıxıb və bizim nəzərimizə çarpır:
"Tibdə məhşur bir Kox nəzəriyyəsi var ki, yer üzərində bütün insanlarda vərəm çöpləri mövcuddur, hamıda var. Amma, onların inkişaf etməsi üçün, yəni insanların bu xəstəliyə tutulması üçün orqanizmdə bu xəstəlik üçün münbit şərait yaranmalıdır ki, həmin çöplər inkişaf etsin. Qalan insanlar isə, 100 il, 120 il ömür sürürlər və vərəm xəstəliyinə tutulmurlar:
"Əxlaqsızlıq da belədir. Əxlaqsız insanlar həmişə əxlaqsız olublar, sadəcə zaman elə olub ki, onların bu xislətini üzə çıxarmaq üçün münbit şərait olmayıb və eyni zamanda onları üzə çıxaran cəmiyyət olmayıb. O zaman cəmiyyətdə tabular hökm sürüb, olar-olmazlar hökmranlıq edib, el qınağı, qonşu qınağı, cəmiyyət qınağı olub. Dövlət bu sahəyə xüsusi nəzarət edib. Ona görə bunlar üzə çıxmayıb. Lakin o insanlar həmişə əxlaqsız olublar. Onların batinində əxlaqsızlığın "vərəm çöpləri" həmişə olub. İndi sadəcə onlar üçün geniş meydanlar açılıb, barlar, restoranlar, otellər, televiziyalar, müxtəlif məclislər, azad hərəkət etmək prinsipləri yaranıb. Hər kəsdə də belə bir qənaət yaranıb ki, "mənim nə işimə qalıb dünya dağılır". M.Ə.Sabirin təbirincə desək "millət necə bərbad olur olsun, nə işim var". Belə bir şəraitdə əxlaqsızlıq baş alıb gedir və onların daşıyıcıları bu gün meydan sulayır".
Psixoloq Samirə Bağırova bildirir ki, insan öz eqosunun köləsinə ya qurbanına çevrilir. Psixoloji pozğunluqdur. Qadınlar dözməyi seçdikcə sonu bu şəkildə nəticələnəcək:
"Çünki gündəlik informasiyalar sayəsində artıq ölüm, öldürmək sözü o qədər adiləşib ki, şüurlar zəhərlənib. İnsanlar neqativ reaksiyalarını əvvəllər abırından gizlədərdi, yəni ayıb sayılardı evdə dalaşmayaq ki, qonşu eşidər. İndi neqativləri aləmə qusub qaytarırlar. Və emosiya xaricə çıxınca daha da aqressiv inkişaf edir. Öldürmək neqativ emosiyaların, nifrətin reaksiyasının göstərişidir. Şüuraltı nifrət yaranır və ona lazım olan vəziyyəti gözləyir hərəkətə keçmək üçün. Sağlam düşüncəyə sahib olan xəyanət gördükdə, yaxud ailədə hörmət, sevgi bitibsə, təhqir, şiddət varsa yollarını ayırıb həyatına başqa şəkildə davam edir. Yəni düşüncəsinə və özünə sahib çıxır. Əks təqdirdə ölümlərin sayı çoxalacaq. Çünki eqo mərhələsi yaşayırıq. Və bu şüursuz şəkildə informasiyalar sayəsində baş verir. İstəyini-eqosunu ön plana gətirib qopa bilməməyin sonu xaosdur".
Bəsti MƏMMƏD