"Qısqanclıq nədir? İnsan kimisə şüurunda özününkiləşdirir və bu özəlləşmədən itirmə qorxusu yaradır. Qısqanclıq hissinin sinonimi paxıllıq deməkdir. Kimsə kiminsə mülkünə, statusuna, işinə paxıllıq edir, yəni bu hissin tam mənası "Mənim olmalıdır, mənimdir"yaxud mənimsəmək istəyir, amma alınmır deməkdir".
Bunu Faktmedia.az-a tanınmış psixoloq Samirə Bağırova deyib.
"İnsan öz eqosunun köləsinə ya qurbanına çevrilir. Psixoloji pozğunluqdur. Qadınlar dözməyi seçdikcə sonu bu şəkildə nəticələnəcək. Çünki gündəlik informasiyalar sayəsində artıq ölüm, öldürmək sözü o qədər adiləşib ki, şüurlar zəhərlənib. İnsanlar neqativ reaksiyalarını əvvəllər abırından gizlədərdi, yəni ayıb sayılardı evdə dalaşmayaq ki, qonşu eşidər. İndi neqativləri aləmə qusub qaytarırlar. Və emosiya xaricə çıxınca daha da aqressiv inkişaf edir. Öldürmək neqativ emosiyaların, nifrətin reaksiyasının göstərişidir. Şüuraltı nifrət yaranır və ona lazım olan vəziyyəti gözləyir hərəkətə keçmək üçün. Sağlam düşüncəyə sahib olan xəyanət gördükdə, yaxud ailədə hörmət, sevgi bitibsə, təhqir, şiddət varsa yollarını ayırıb həyatına başqa şəkildə davam edir. Yəni düşüncəsinə və özünə sahib çıxır. Əks təqdirdə ölümlərin sayı çoxalacaq. Çünki eqo mərhələsi yaşayırıq. Və bu şüursuz şəkildə informasiyalar sayəsində baş verir. İstəyini-eqosunu ön plana gətirib qopa bilməməyin sonu xaosdur", - deyə psixoloq əlavə edib.
Qeyd edək ki, ötən gün tanınmış həkim plastik-cərrah Türkan Gündüz qısqanclıq zəmnində əri tərəfindən qətlə yetirilib.
Rəna Həsənova