"Bu gün İrana xidmətdə və yaxud Azərbaycanın maraqlarına qeyri-adekvat hərəkət etməkdə günahlandırılaraq şübhəli bilinən və həbs edilən din xadimləri var. Burada qeyri-qanuni heç nə yoxdur. Azərbaycan torpağında yaşayaraq başqa dövlətin maraqlarını Azərbaycan dövlətinin maraqlarından üstün tutan, öz dövlətini satan şəxslərə təbii ki, güzəşt ola bilməz".
Bunu Faktmdia.az-a deputat Razi Nurullayev həbs olunan din xadimləri ilə bağlı danışan zaman deyib.
Deputat bildirib ki, əgər o din xadimləri günahsız olacaqlarsa təbii ki, azadlıqlarına qovuşacaqlar:
"Əsas odur ki, öz vətənlərinə xainlik etməsinlər. Bu baxımdan mən düşünürəm ki, hələ də İranın Azərbaycanda xeyli agentləri var və bu casuslar Azərbaycanda siyasi stabilliyin pozulması üçün, Azərbaycanda konstitusiya quruluşunun, hakimiyyətin zorla dəyişdirilməsi üçün müəyyən göstərişlər alıblar. Ölkədə xaos yaratmaq üçün müəyyən addımlar da atıblar. Əlavə olaraq bu casuslar minlərlə insanları öz şəbəkələrinə cəlb edərək, onlardan öz çirkin məqsədləri üçün istifadə etməyə başlayıblar. İranda bəlkə də belə minlərlə insanların siyahısı var. Elə Azərbaycanın İrandakı səfirliyində törədilən terror, millət vəkili Fazil Mustafaya qarşı törədilən sui- qəsd belə insanların törətdikləri çirkin əməllərdəndir. Məlumdur ki, 30 il ərzində onlar burada güclü kök atmış şəbəkə yarada biliblər. Bu şəbəkələrə xidmət edən insanlar mütləq cəzalandırılacaqlar. Mən İranın Azərbaycana qarşı olan bu siyasətini pisləyirəm və demək istəyirəm ki, Azərbaycan hökuməti bütün bu məsələlərə qarşı ən sərt mövqeyini ortaya qoyacaq".
Rəna Həsənova