"Naxçıvana açılan dəmiryolu ümumi şərq-qərb istiqamətində gedən nəqliyyat qovşağının bir hissəsi olacaqdır. O Naxçıvanı Azərbaycana birləşdirməklə yanaşı, Naxçıvanın digər dünya ölkələrinə çıxışına da şərait yaradacaq".
Bunu Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli deyib.
İqtisadçı əlavə edib:
"Zəngəzur dəhlizinin açılması ilə əlaqədər həm Azərbaycanın dünyaya çıxışı genişlənəcək, həm də nəzərdə tutulan şərq-qərb orta dəhliz logistika xətti artıq fəaliyyətə başlayacaq. Bu dəmiryol xəttinin bərpası ölkəmizin Türkiyəyə, Türkiyədən Avropaya çıxış imkanlarını genişləndirəcək. Sözsüz ki, bu Çindən Avropaya qədər uzanan yolun bir tərkib hissəsi olacaq, sürətli yükdaşıma imkanlarını genişləndirəcək və Azərbaycanın tranzit imkanlarına çox müsbət təsir göstərəcək. Ölkə büdcəsinə əlavə valyuta və gəlirlərin yönəlməsinə şərait yaradacaq. Ölkənin qeyri- neft sektorunun və sahibkarlıq subyektlərinin inkişafına əhəmiyyətli təsir göstərəcək".
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata çıxış ediblər. Mişel bildirib ki, Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.
Rəna Həsənova