Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata çıxış ediblər. Mişel bildirib ki, Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.
Bəs bu dəmir yolunun Azərbaycan üçün hansı üstünlükləri olacaq? Bu barədə Faktmedia.az-a iqtisadçı Elşad Məhərrəmov danışıb. Ekspert bildirib ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsinin quru nəqliyyat xətti, dəmiryol xəttinin yaradılması Naxçıvanın sosial- iqtisadi inkişafına çox güclü təkanverici amil kimi təsir edəcək:
"Bu dəmiryol xəttinin bərpası Azərbaycanda sənayeləşmə ilə bağlı çağırışların cavablandırılması nöqteyi- nəzərdən də çox önəmlidir. Ölkədə istehsal, emal sektorunun inkişafı, idxalın əvəz edilməsi, ixracatın şaxələnməsi, yeni iş yerlərinin açılması baxımından da bu xəttin bərpasının önəmi böyükdür. Düşünürəm ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsinin quru nəqliyyat xətti vasitəsilə əlaqələndirilməsi həm Naxçıvanda sənayeləşməyə , sosial tədbirlərin reallaşmasına, yeni iş yerlərinin açılmasına təkan verəcək, həm də iqtisadiyyatın tarazlığının formalaşmasına müsbət təsir göstərəcək. Eyni zamanda bu regional nöqteyi- nəzərdən də önəmlidir. Quru nəqliyyat logistik xətlə bölgədə işgüzar fəallığın stimullaşmasına yönəlmiş bir çox tədbirlər həyata keçirilə bilər. Bu Naxçıvan üzərindən Türkiyə ilə əlaqələrə də böyük təkan verəcək və eyni zamanda, bölgədə yerləşən digər ölkələrin sosial- iqtisadi əlaqələrinin güclənməsinə öz müsbət təsirini göstərəcək".
Rəna Həsənova