Braziliya və Argentina öz vətəndaşlarını İsrailə gətirmək üçün təyyarələr göndərmək qərarına gəliblər.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva X sosial media hesabındakı paylaşımında braziliyalıları evakuasiya etmək üçün ilk təyyarənin Tel-Əvivə endiyini bildirib.
Bazar gününə qədər İsrailə daha 5 təyyarə göndəriləcəyini bildirən Lula da Silva, "Federal hökumət bölgədəki sülh prosesi üçün mümkün olan hər şeyi etməyə çalışır. Bunu tələb edən bütün braziliyalıların ölkələrinə qayıtmasını təmin edəcəyik" deyə vurğulayıb.
Argentinanın xarici işlər naziri Santiaqo Kafiero da İsraildəki argentinalıların ölkəyə gətirilməsi üçün müdafiə naziri və Argentina Hava Yolları ilə vəziyyəti müzakirə etdiklərini bildirib.
Bir çox argentinalının turistik və iş məqsədi ilə İsraildə olduğunu qeyd edən Kafiero, bu insanların ölkəyə qayıtması üçün Təl-Əviv Baş Konsulluğu və səfirliklə birlikdə çalışdıqlarını açıqlayıb.
Xəyalə Xəlilova