İsveçrə Nümayəndələr Palatası Ukraynaya dəstək üçün 5 milyard İsveçrə frankı (5,5 milyard dollar) məbləğində yardım paketini rədd edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, beş-on il davam etməsi gözlənilən bu yardım paketi təklifi Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsi tərəfindən rədd edilib.
İsveçrənin xarici işlər naziri İqnazio Kassis qərarla bağlı verdiyi açıqlamada İsveçrənin Ukrayna xalqı üçün üç dəstək paketi hazırladığını və davam edən müharibə səbəbiylə yenidənqurma ehtiyacının nə qədər olacağını təxmin edə bilmədiklərini bildirib:
"İsveçrə artıq Ukraynaya böyük maliyyə töhfəsi verib. İsveçrə hökuməti artıq 2025-2028-ci illər üçün Ukrayna və region üçün təxminən 1,5 milyard frank ayırıb”.
Yardım paketinin humanitar yardım, mülki əhalinin müdafiəsi, minalardan təmizlənməsi və sülh quruculuğu üçün istifadə edilməsi planlaşdırılırdı.
Bildirilib ki, qərar Ukrayna prezidenti Vladimir Zelenskinin İsveçrə parlamentindəki çıxışından bir həftə əvvəl verilib.
Qeyd edək ki, Ukraynaya yardım məsələsinin iyunun 12-də yenidən parlamentin gündəminə gətiriləcəyi gözlənilir.
Bəsti Məmməd