ABŞ-da körpəyə ana bətnində beyin əməliyyatı icra edilib və doğulmamış körpə ölümdən xilas edilib.
Faktmedia.az xəbər verir ki, əməliyyatı Amerikalı həkimlər icra ediblər. Belə ki, körpəyə “Galen Malformasiyası Damarı” (VOGM) adlı nadir genetik xəstəlik diaqnozu qoyulub. Xəstəlik hamiləliyin ikinci və ya üçüncü trimestrinin sonlarında ultrasəs müayinəsində görülür.
Prosedur çərçivəsində 10 nəfərlik tibb işçisi ultrasəs vasitəsilə uzun iynəni ananın qarnından körpənin beyin damarlarının zədələnmiş hissəsinə yönəldib və ora kiçik bir maddə yeridiblər.
Körpənin damar fiziologiyasında baş verən inkişaf qüsurları doğuş zamanı və doğuşdan sonra ürək və beyinə ciddi təsirlər yarada bilər. Bu vəziyyət də ağciyər hipertenziyasına, ürək çatışmazlığına və ya digər həyati təhlükə daşıyan xəstəliklərə səbəb ola bilər.
Qeyd edək ki, bu əməliyyat tibdə bir ilkdir. Bu günədək “Galen Malformasiyası Damarı” (VOGM) xəstəliyində müalicə doğuşdan sonra icra edilirdi.
Amma körpə doğulanda artıq beyin zədələnməsi baş verirdi. Bu baxımdan yeni cərrahi əməliyyatın məqsədi xəstəliyi körpəyə təsir etməmişdən əvvəl sağaltmaqdır.
Rəna Həsənova