Türkiyənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində liderdir.
"Biz əminik ki, seçkinin ilk turunda 50%-dən çox səs toplaya bilərik. Xaricdə səs verən seçicilərin bülletenləri hələ hesablanmayıb", - deyə o, binanın eyvanından minlərlə tərəfdarına müraciət edib.
"Hələlik yekun məlumat olmasa da, deyə bilərəm ki, biz açıq fərqlə irəlidəyik", - deyə Ərdoğan vurğulayıb və seçici fəallığını "görünməmiş" adlandırıb. Əvvəlki məlumatlarda bu rəqəmin 85%-i keçdiyi bildirilirdi.
Türkiyə prezidenti müxalifəti liderləri Kamal Kılıçdaroğlunun qələbəsini vaxtından əvvəl iddia etməkdə günahlandıraraq, aralarındakı fərqin 2,6 milyon səs olduğunu qeyd edib. Ərdoğan həmçinin bildirib ki, onun ittifaqı yeni parlamentdə çoxluğu ələ keçirib.
Kılıçdaroğlu tərəfdarlarını bütün bülletenlər hesablanana qədər seçki məntəqələrini tərk etməməyə çağırıb. Bundan əvvəl müxalifət ən azı 10 faiz səsin onlardan oğurlandığını iddia edirdi.
Həmçinin Türkiyə lideri ikinci tur olacağı təqdirdə millətinin iradəsinə hörmətlə yanaşacağını bildirib.
Türkiyə Ali Seçki Şurasının son məlumatlarına görə, bülletenlərin 91,93 faizi hesablandığından Ərdoğan 49,49 faiz səs toplayıb. Onun əsas rəqibi Kılıçdaroğlu 44,79 faiz, üçüncü namizəd, ATA Alyansının lideri Sinan Oğan isə seçicilərin 5,29 faizinin dəstəyini qazanıb.
Havar Şəfiyeva