Sivasda pişiklərdən qan nümunələrini sürətli test dəstləri ilə qruplara ayıran baytar həkim İbrahim Özmen fövqəladə hallara qarşı "onlayn qan bankı" yaradıb.
Faktmedia.az xəbər verir ki, şəhər mərkəzindəki klinikasında təxminən 12 ildir pişiklərdə görülən xəstəliklərin müalicəsi ilə məşğul olan həkim fövqəladə hallarda uyğun qan ehtiyacını tez bir zamanda qarşılamaq üçün onlayn məlumat bazası yaratmaq üçün layihə hazırlayıb.
O, klinikaya gətirilən və qan qrupları sürətli test dəstləri ilə təyin olunan 100-ə yaxın pişiyin məlumatlarını "onlayn qan bankı"na yerləşdirib.
Pişiklərin yaşı, cinsi, çəkisi və peyvənd vəziyyəti ilə yanaşı, qan qruplarını da sistemə daxil edən Özmen, heyvanlar üçün milli qan bankının olmamasını ciddi çatışmazlıq kimi dəyərləndirib.
Ev heyvanlarının qan qrupunun təyinində daha çox "çarpaz uyğunlaşma" adlanan üsuldan istifadə edildiyini deyən baytar həkim yeni üsulla müvafiq qan qrupunun 5-10 dəqiqə ərzində tapılacağını bildirib.
Sevinc Hüseynova