Masallı Rayon Mərkəzi Xəstəxanasına yenidən baş həkim təyinatı olub. Bu, son iki il ərzində qalmaqallı xəstəxanada 4-cü baş həkim dəyişikliyidir. Bu dəfə tibb ocağına Mərkəzi Xəstəxananın Reanimasiya Şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru İlqar Məmmədov təyinat alıb. O, ötən ilin dekabrında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilən Eşqin Əliyevi əvəz edib.
Maraqlıdır, son illər baş həkimlər niyə rüşvətə meyilldir?
Mövzu barədə Faktmedia.az-a danışan infeksionist-hepatoloq Mərdan Əliyev deyib ki, rüşvətxorluğun əsas səbəbi tamahkarlıq, kifayət qədər vicdanın olmamasıdır:
"Çox təəssüf ki bizim səhiyyə sistemində korrupsiya olub və indi də var. Bu gün səhiyyəmizin yüksək səviyyəyə qalxması üçün vicdanla çalışanlarla yanaşı, korrupsiyaya, rüşvətə meylli səhiyyə işçilərimiz də var. Bunun qarşısını almaq üçün TƏBİB tərəfindən çox ciddi nəzarət olmalıdır ki, xəstəxanalarda rüşvət tam yığışdırılsın. Eyni zamanda nəzarət olunmalıdır ki, xəstəxana rəhbərliyi öz səlahiyyətlərindən istifadə edib rüşvət almasın. Mən düşünürəm ki, mübarizə vasitəsi kimi səhiyyə təşkilatlarının bu məsələ ilə bağlı xəstəxanalara nəzarəti artırmalıdır. Mütəmadi xəstəxana rəhbərlikləri ilə bu mövzu ilə bağlı iclaslar keçirilməlidir. Ümumilikdə rüşvətlə mübarizəyə qarşı ciddi tədbir mexanizmləri hazırlanmalıdır".
Rəna Həsənova