"70 ildə formalaşmış peşəkar musiqi təhsili yarıda qırıldı. İctimai, iqtisadi formasiya dağıldı, yenisi yaranmağa başladı və onunla da bərabər bir çox dəyərlər, o cümlədən də peşəkar musiqi təhsili itdi".
Bunu Faktmedia.az-a şair, bir çox məşhur mahnıların müəllifi Baba Vəziroğlu deyib.
O bildirib ki, indi Üzeyir Hacıbəyov adına Musiqi Akademiyası adlanan təhsil ocağı öz ənənələrini itirdi:
"O bəstəkarlara ki vaxtilə, Q.Qarayev, C.Hacıyev, F.Əmirov, A.Məlikov dərs deyirdi, onların çoxu dünyasını dəyişib. E. Mansurov, F. Sücəddinov, C. Quliyev son mogikanlarımızdır. İndinin özündə də gözəl mahnı yazan qeyri peşəkar bəstəkarlarımız var. Bu gün mahnıları dillər əzbəri olan Kamal( red: Kamallədin Heydərovu) elə bəstəkarlardandır. O zamanlar da musiqi təhsili olmayan həvəskar bəstəkar adlandırılan Ə. Tağıyev kimi nəhəng mahnı bəstəkarımız var idi. Mənə elə gəlir ki, bu ənənə yenidən bərpa olunacaq. Müqəddəs yer boş qalmır deyirlər. Bu boşluqdan istifadə edib, bu gün özlərini bəstəkar adlandıranlar müasir texnikanın köməyilə başqa musiqilərə düzəlişlər edərək musiqi yazırlar. Ən dəhşətlisi də odur ki, həmin musiqilərlə zövqümuzü korlayırlar. Mən optimist insanam və inanıram ki, bütün bunlar hamısı yavaş- yavaş qaydasına düşəcək".
Rəna Həsənova