İndi müzakirəsi aparılan güzəştlər KİV subyektlərinin redaksiyaları üçün nəzərdə tutulan güzəştlərdir. Güzəştlərə konkret olaraq KİV redaksiyalarının gəlirlərinin (xüsusi olaraq reklamdan, elandan, ianələrdən, yardımlardan gələn ) vergidən azad olunması nəzərdə tutulur.
Bunu Faktmedia.az-a Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli KİV-in vergidən azad olunmasını şərh edən zaman deyib.
M. Ələsgərli bildirib ki, bu da fərdlərin deyil, redaksiyaların həmin güzəştlərdən istifadə etməsi anlamına gəlir:
“Ümumilikdə bu güzəştlərin tətbiq olunması KİV subyektləri redaksiyalarının gəlirlərinin artmasına, maliyyə mənbələrinin çoxalmasına şərait yaradacaq. Reklam, elan, yardımlardan gələn gəlirlərdən vergiyə ödəyəcəkləri vəsait öz hesablarında qalacaq. KİV redaksiyalarının maddi gəlirləri artarsa, təbii ki, həmin redaksiyada çalışan işçilərin də əmək haqlarının artmasına, gələcəkdə sosial rifah hallarının yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda tətbiq olunan güzəştlər jurnalistlərin də mənafeyinə uyğundur. Bu güzəştlərin tətbiq olunmasını alqışlayırıq. Hesab edirik ki, bu güzəştlər peşəkar media subyektlərinin və orada çalışanların maddi durumlarının yaxşılaşmasına şərait yaradacaq”.
Qeyd edək ki, Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.
Rəna Həsənova