Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bidirib ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi, bu müddət sabah başa çatır. Bəs bu insanların müflisləşməsinə, gəlirlərinin azalmasına gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli deyib ki, 2016 cı ildən tətbiq olunan vergi güzəştləri 7 illik nəzərdə tutulmuşdu. O zaman ölkədə devalvasiya gedirdi, manat daha da ucuzlaşırdı. Tətbiq olunan güzəştlər əhalinin banklardan əmanətlərini geri çəkməməsi üçün atılan bir addım idi:
Ekspert bildirib ki, əgər 2016-cı ildə banklarda olan əmanətlər 8 milyard manat təşkil edirdisə, hal hazırda bu məbləğ 12 milyard manata yüksəlib:
"Bu da həmin siyasətin nəticəsidir. Sözsüz ki, əmanətlərə tətbiq edilən verginin müəyyən təsirləri olacaq. Bu, insanların banklara əmanətlərinin cəlbediciliyini azaldacaq, həmçinin, bankların da fəaliyyətinə müəyyən təsirlər göstərəcək. Eyni zamanda əmanətlərin azalması kredit faizlərinin artmasına da səbəb ola bilər. Bu insanların əmanətlərini başqa valyutalara çevirməsinə də gətirib çıxara bilər. Mənə elə gəlir ki, bu siyasətin müddətini bir az da uzatmaq olardı və yaxud da banklar bu vergiləri öz üzərinə də götürə bilərdi. Mən təklif edirəm ki, 10000 manata qədər əmanətlərə vergi tətbiq edilməsin. Vergiyə cəlb olunacaq əmanətlərə limit qoyulsa daha yaxşı olar. Bu təkcə vətəndaşların deyil, bankların da fəaliyyətinin stimullaşdırılmasına kömək edər".
Rəna Həsənova