Faktmedia.az tanınmış jurnalist Fidan Əliheydərlə olan müsahibəni təqdim edir:
- Salam, Fidan xanım. İlk sualımız sizin işinizlə bağlıdır. Kimdir yaşam koçu?
- Yaşam koçluğu danışanın (müraciət edən şəxs) daxili gücünü xatırlatmaq, potensialını kəşf və inkişaf etdirmək, eləcə də həyat məqsədlərinə çatmasına imkan verən peşəkar rəhbərlik sistemidir. Yaşam koçu (həyat məşqçisi) danışanın (müraciət edən şəxs) hədəflərinə çatma yolunda potensialının üzə çıxarılmasına, həyat səviyyəsinin yüksəlməsi üçün mövcud imkanları görüb dəyərləndirə bilməsinə dəstək olur. Hər şəxsə görə hazırlanan proqram əsnasında fərqli koçluq metodları ilə uğurlu nəticənin əldə edilməsinə çalışılır. Professional yaşam koçu psixoloq deyil, amma psixologiyanı biləndir. Fərdi və mənəvi inkişaf, eləcə də karyera planları çərçivəsində yaşam koçu hər kəsə fərdi olaraq doğru suallar ünvanlayaraq danışana həll yolunu tapmasına vəsilə olur, şəxsi məqsədlərini müəyyənləşdirərək müvafiq strategiyalar hazırlayır. İnsanlar ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək, emosiyaları idarə etmək, sağlam münasibətlərin qurulması, şəxsi performansın, həyat məmnunluğunun artırılması, karyera planının yaradılması, karyeranın inkişaf etdirilməsi, maliyyə durumunun yaxşılaşdırılması, dəyişən vəziyyətlərə uyğunlaşma, iş və şəxsi həyat balansının qurulması, vaxtı idarə etmək, özünə güvəni bərpa etmək, mənfi vərdişləri müsbətləri ilə əvəz etmək, yaradıcılığın artırılması, stressin öhdəsindən gəlməyi bacarmaq, sağlam həyat tərzinə qovuşmaq, həyat keyfiyyətini yaxşılaşdırmaq kimi mövzularda yaşam koçuna müraciət edə bilərlər. Bizdə olmadığından yaşam koçu olmaq üçün dünyada tanınmış və təsdiqlənmiş univertsitetlərin bu sahə üzrə xüsusi proqramlarında iştirak edərək beynəlxalq dərəcəli sertifikata sahib olmaq lazımdır. Yaşam koçluğu məsələn, jurnalistika kimi ixtisas olaraq tədris olunmur. Nümunə olaraq, mənim bitirdiyim təhsil proqramı Amerika universitetinə məxsusdur. Demək olar ki, dünya universitetlərinin əksəriyyətində tədris olunur. Bildiyim qədəri ilə Türkiyə universitetlərində də olmalıdır. Qısa olaraq desək, yaşam koçluğu üzrə təhsil almaq üçün xarici ölkələrin universitetlərində keçirilən xüsusi proqramlarda iştirak etməlisiniz.
- Siz ixtisasca həm də jurnalistsiz. Hansı peşə sahəsi ilə məşğul olan şəxslər yaşam koçu ola bilər?
- Yaşam koçluğu ilə maraqlanan və özünü təkmilləşdirmək istəyən hər kəs bu sahədə mütəxəssis yolunda irəliləyə bilər.
- Yaşam koçu olmağın hər hansı bir yaş limiti varmı? Hər yaş dövrünə sahib olan insanlar yaşam koçluğu edə bilərmi?
- Digər peşələr kimi hər hansı bir yaş limiti olmasa da, məncə, burada əsas yaşanmışlıqların və təcrübənini yaşı nəzərə alınmalıdır. Kimi 50 yaşında yetkinlik dərəcəsinə çatmaya, kimi də 20 yaşında kamil düşüncəyə malik ola bilər.
- Yaşam koçluğuna yaxın peşələr hansılardır?
- Yaşam koçluğuna yaxın psixoloq, sosioloq, mentor və s. kimi peşələr hesab edilsə də, aralarında oxşar və fərqli cəhətlər mövcuddur. Hər ikisində də cəmiyyəti maraqlandıran proseslərlə çalışılır. Fərdi və ya ümumi şəkildə təlimlər verilə bilir. Sosioloq ayrı-ayrı fərdlər, mədəniyyətləri araşdıraraq cəmiyyəti və sosial davranışı araşdırır. O, sorğular, müşahidələr, müsahibələr və digər mənbələr vasitəsilə məlumatlar toplayaraq müəyyən tədqiqatlar hazırlayır. Yaşam koçunun danışanın müraciət etdiyi mövzusu üzrə mütəxəssis olmasına ehtiyacı yoxdur. Mentor isə xidmət göstərdiyi müştərinin sahəsi üzrə müəyyən bilik və təcrübəyə malik olmalıdır.
- Azərbaycanda yaşam koçluğu necə inkişaf edib və necə inkişaf etdirilə bilər?
- Ölkəmizdə bu sahə hədsiz inkişaf edib. Amma yanlış formada. Hazırda bir çox yaşam koçları öz peşələrinə aid heç bir xidmət göstərmir, şamanizmlə məşğuldurlar. Biri şərh bölməsində "bəli" yazana hiss göndərir, sonda "şifa olsun" (o söz şəfadır) deyir, biri təbii daşlara "professional" şəkildə hiss üfürüb satır, digəri mesaj atdırma, ərə getmə kimi rituallar öyrədir, rəqəmlərlə möcüzələr vəd edir. Pul gətirən tilsimləri paylaşanlar kim, kainatdan çek yazıb "zəngin" edənlər kim. Hələ bunları elm adı ilə təqdim edib inanmayanlara da cahil deyirlər. Əksəriyyəti də "enerji ustadı" olub. Kimə baxırsan əndrabadi adlarla enerji topları göndərir. Hələ daha bahalı "şəfalı" seansları demirəm. Əlbəttə, bu sahədə işini layiqincə görən peşəkar mütəxəssilər də var. Sözüm onlardan kənaradır.
Yaşam koçluğunda "neochamanisme” yeni şamanizim, buddizm təbliğ edilmir. Sözsüz ki, inanclar müxtəlifdir və həyatın inandıqlarından ibarətdir. Söhbət hansı inancın düz və ya səhv olmasından getmir. Məsələ bunların yaşam koçluğuna aid olmamasındadır.
Çox vaxt insan sehrli çubuqlu birinin gəlib onu xilas edəcəyini, möcüzə baş verəcəyini gözləyir. Əslində möcüzə də, xilaskar da sən özünsən. Sadəcə öz həqiqətindən uzaqlaşıb, müvəqqəti sevinc vəd edən yalanlara inandığın üçün ilahi qüvvənin sənə bəxş etdiyi əsil gücü görməzlikdən gəlirsən. Çünki özünlə üzləşmək, incinmiş, tək qalmış tərəfinlə barışmaq istəmirsən. Çarəni qaçmaqda görür, keçmişinlə küsülü halda indiki vəziyyətini yaxşılaşdırmağa çalışırsan. Bununla da aldanmağa hazır olursan. İşin sirri isə inamdadır. Sən inandığın üçün onlar anlam qazanır, hətta bəzən istəklərinə də çatırsan, amma bir müddət sonra bunun ağır nəticələrini görüb böyük peşmanlıq yaşayırsan. İndi sözüm sənədir. Bu yazını oxuyarsansa, deməli, hisslərinə qulaq asmalı olduğunu bilməlisən. Nə qədər romantik səslənsə də, qəlbini dinləməyi bacarmalısan. İlahi qüvvənə inanmalı, özünə dönməlisən.
- Yaşam koçunun ən inkişaf etmiş olduğu ölkələr hansılardır?
- İnkişaf etmiş ölkələrdə yaşam koçluğuna münasibət bizdən fərqli olaraq daha müsbətdir. Orada demək olar ki, bir çox tanınmış və karyerasında, şəxsi münasibətlərində uğur qazanmaq istəyənlərin əksəriyyəti koçluq seanslarına müraciət edirlər. Kimsə buna görə onları qınamır, əksinə özünə qoyulan ən gözəl investisiya hesab olunur.
- Yaşam koçlarının psixoloqlardan nə kimi fərqləri var?
- Belə deyirlər ki, psixoloq problemin səbəblərinə, yaşam koçu isə daha çox həll yollarına fokuslanır. Yaşam koçu mənəvi inkişaf bələdçisidir. Yaşam koçluğu ilə bağlı dünyada bakalavr və ya magistr təhsili yoxdur. Sertifikat verən beynəlxalq federasiyalar var. Professional yaşam koçu olmaq üçün onların təhsil proqramını bitirmək lazımdır. Beynəlxalq təşkilatların proqramını bitirənlər nəinki yaşam koçluğu, həm də psixologiya təhsili alırlar. Mənim aldığım təhsil proqramında da psixologiya tədris olunub. Amma çoxları elə başa düşür ki, yaşam koçudursa, psixologiyadan xəbəri yoxdur. İndi əksər psixoloqlar da yaşam koçluğu təhsili alırlar. Fikrimcə, uğurlu nəticə üçün bu iki sahəni bilmək vacibdir.
- Tanıdığınız, örnək aldığınız yaşam koçu yaxud koçları varmı?
- İşini layiqincə görən, peşə etikasına sahib çıxan bütün həmkarlarım örnəkdir.
- Lider, ARB televiziyalarında aparıcı, aktiv jurnalist kimi işləmisiniz. Necə oldu ki, yaşam koçu olmaq haqqında düşündünüz?
- Heç vaxt ağlıma gəlməzdi ki, belə bir sahə ilə tanış olacam, üstəlik mənəvi inkişafa dair kitab yazacam. Amma həyat şərtləri insanı gözləmədiyi bir yerə gətirə bilir və həyat yolunda yeni xəritə çəkməli olursan. Bu haqda kitabımda da qeyd etmişəm. Mən jurnalistikadan tamamilə uzaqlaşmamışam. Sadəcə aparıcılıq və müxbirlik fəaliyyətimi hələlik sonlandırmışam. Niyə hələlik, çünki insanı nə zaman nə gözlədiyini bilmək olmur. Hazırda yaşam koçluğu ilə paralel olaraq ictimaiyyətlə əlaqələr sahəsində də fəaliyyət göstərirəm. Hər iki peşəmi çox sevir, yaşayıb yaratmaqdan zövq alıram.
- Yaşam koçu kimi nələri dəyişə bilmisiniz?
- Özümü. Dünyanı dəyişmək istəyinin, özünü dəyişməkdən keçdiyinə əmin olmuşam. Toksik münasibətlərə son verib, əvəzində sağlam münasibətlər qurmuşam. Qısaca, koçluq texnikalarını ilk olaraq özümdə tətbiq edib uğurlu nəticələr əldə etmişəm.
- Sonda suallarımızı səbrlə cavablandırdığınız üçün təşəkkür edirəm.
Mənbə: informator.az