"Tam 3 il bundan əvvəl Azərbaycanın hərb tarixinə Tovuz döyüşləri adı ilə növbəti bir zəfər səhifəsi yazıldı. Təbii ki, bu Vətən müharibəsinə aparan yolda qığılcımlardan biri idi və bu qığılcımın əsası əslində 2016 - cı ildə qoyulmuşdu. 2016- cı ildən əvvəl də biz bir neçə dəfə məhdud miqyaslı xüsusi əməliyyatlarla erməni tərəfinin diqqətinə çatdırmışdıq ki, Azərbaycanın dediyi "Müharibə yolunu istisna etmirik" cümləsi havaya atılmış bir söz deyil".
Bunu Faktmedia.az-a hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert əlavə edib:
"Zaman- zaman imkanlarımızı göstərirdik, amma, 2016- cı il Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz döyüşləri hərb tariximizdə xüsusi yer tutur, çünki burada xüsusi əməliyyatlardan deyil, artıq düşmənə güc nümayişindən, real toqquşmalardan söhbət gedir. Tovuz döyüşləri bildiyiniz kimi 5 gün davam elədi, nəticə etibarilə bu döyüş göstərdi ki, Azərbaycan Ordusu günün istənilən vaxtında, istənilən iqlim şəraitində düşmənin istənilən təxribatlarının, hücumlarının qarşısını almağa qadirdir və əgər zərurət yaranarsa, əks-hücum və əks-zərbələrlə də düşməni kifayət qədər itkilərə məruz qoya bilər".
Rəna Həsənova