Xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb.
Faktmedia.az xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”a dəyişiklik edilib.
İki hissəli əsas dəyişiklərdən biri proqramın müddətinin 2024-cü ilədək uzadılmasıdır. Bu o deməkdir ki, xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək. Bu qərar əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarını genişləndirməyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmağa və müasir müalicə üsullarını tətbiq etməyə imkan yaradacaq.
İkinci dəyişikliyə görə həkim mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədi ilə Agentliyin İdarə Heyəti sədrinin əmri ilə Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulub. Komissiya tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla monitorinq həyata keçirilir. Monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavələrin ödənilməsi növbəti 1 il müddətinə uzadılır. Monitorinqdən müvəffəqiyyətlə keçmədikdə həvəsləndirici əlavələrin ödənilməsi dayandırılır.